"Qarabağ" rəhbərliyinə mesaj

"Qarabağ" rəhbərliyinə mesaj

"Qarabağ"ın Kiyevdən qələbəylə dönməsi tək Azərbaycanda deyil, bütün Avropada böyük təəccüblə qarşılandı. Ağdam təmsilçisinin Ukrayna zəfərini ən böyük optimistlər belə gözləmirdi. Ancaq bu qələbə "iştah diş altındadı" məsəlinə rəvac verdi. 

Komandamızın Avropa Liqasının qrup mərhələsinə düşməsi böyük uğur kimi qarşılansa da, Kiyevdə əldə edilən qələbədən sonra Azərbaycan çempionu qrupda pley-offa vəsiqə qazandıran 2-ci pilləyə yüksəldi. Deməli, "Qarabağ"ın qrupdan çıxmaq şanslarını dəyərləndirmək üçün kifayət qədər zəmin yaranıb.

İlk olaraq qrupdakı mövcud duruma nəzər salaq. Aktivində 7 xal olan "İnter" "kvartet"ə başçılıq edir. İtaliya təmsilçisini 4 xalla "Qarabağ" təqib edir. "Sent-Etyen" keçirdiyi hər 3 oyunu qolsuz heç-heçəylə başa vurub və 3 xalla 3-cü pillədə qərarlaşıb.

Növbəti tur böyük ölçüdə ağdamlılar üçün həlledici ola bilər. Evdə "Dnepr"i qəbul edəcək çempionumuz qalib gələcəyi və "Sent-Etyen" "İnter"ə məğlub olacağı təqdirdə, demək olar ki, çempionumuz qrup səddi problemini həll etmiş olacaq. Çünki belədə, "Dnepr" qrupdan çıxmaq şansını de-yure itirəcək, fransızlar isə "Qarabağ"dan 4 xal geri qalacaq. Nəzərə alsaq ki, bu, finişə 2 tur qalmış baş tutacaq, fərq astronomik görünür. Hərçənd İtaliyada "Sent-Etyen"i məğlub edə bilməyən "İnter"ə o qədər də bel bağlamaq olmur. Çünki komanda həm daxili çempionatda uğursuzluqları sıralayır, həm də İtaliya təmsilçilərinin bukmeker kontorlarında çıxardıqları hoqqabazlıqları nəzərə aldıqda Fransadan "göy-qaralar"ın 3 xalla dönəcəyinə heç inanmaq olmur.

Ancaq unutmaq olmaz ki, 5ci turda ağdamlılar üçün həyati əhəmiyyət kəsb edəcək matç Fransada baş tutacaq. "Sent-Etyen"lə qarşılaşmada komandamızın məqsədi gün kimi aydındı: qapısından qol buraxmamaq. Əlbəttə, qalib gəlmək ideal variantdı. Lakin ali məqsəd məğlub olmamaqdı. "Dnepr"in kefinin hansı durumda olacağı isə noyabrın 27-də baş tutacaq "Qarabağ"la görüşün nəticəsindən asılı olacaq. Amma evdə "İnter"ə yenilən ukraynalların İtaliyadan 3 xalla dönəcəyi real görünmür. 

Deməli, son tur öncəsi Ukrayna çempionatının liderinin avrokubok macəralarının davam etdirmək şansı qalmayacağını proqnozlaşdıra bilərik. Və belədə, 2-ci yer uğrunda "Qarabağ"ın əsas rəqibi "Sent-Etyen" olacağını indidən təxmin edə bilərik. Deməli, "düşmənimin düşməni - dostumdu", məsəlindən maksimum faydalanmaq lazımdı. Avrokubok şansı qalmayan "Dnepr"in "Sent-Etyen"i Kiyevdə udmaq üçün heç bir stimulunun qalmayacağını nəzərə almaq lazımdı. Bu, nə rüşvət deyil, nə də qadağan olunan addım. "Qarabağ" qrup səddini aşacağı təqdirdə UEFA-dan 3 milyon avrodan çox pul əldə edəcək. Bu vəsaitin bir hissəsini "Dnepr"i stimullaşdırmağa yönəltmək lazımdı. 

Əlbəttə, bu addım beynəlxalq aləmdə alqışlanmır. Lakin kobud desək, stimullaşdırma lənətlənmir də. Ağdam klubunun başbilənləri bu məsələ ətrafında indidən düşünməlidi. Çünki belə hallara istənilən mövsümdə rast gəlmək olur. "Qarabağ" isə büdcəsini zənginləşdirməklə yanaşı, Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdıra bilər. Yəni mənəvi dividend maddi dəyərlər qədər əhəmiyyət kəsb edir. Özü də "mənəvi dəyər" dedikdə kubun hansı adı daşıdığına xüsusi diqqət yönəldilməsini istəyərdim. "Qarabağ" rəhbərliyi bu məsələyə böyük önəm verməlidi. Əgər baş məşqçi və futbolçuların vəzifəsi qrupda maksimum xal toplamaq uğurnda mübarizə aparmaqdısa, meydandan kənarda klubun sahibləri real iş görməlidirlər.

 

Ceyhun Əliyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər