Avropanın milli çempionatlarında bəzi komandalar mövsüm tamamlanmadan çempionluğunu elan edərkən, bəziləri birinciliyi böyük ölçüdə təmin edib. Almaniyada 27 turdan sonra 25 qələbə və 2 heç-heçə sayəsində aktivinə 77 xal yazan "Bavariya" sona 7 tur qalmış qızıl medallara sahib çıxıb. XXVII turda səfərdə "Herta"nı 3:1 hesabı ilə yenən Münhen klubu ən yaxın izləyicisi "Borussiya" (Dortmund) ilə 25 xallıq fərq yaradaraq əlçatmaza çevirilib. "Bavariya" bu qələbə sayəsində yenilməzlik seriyasını 52 matça çıxarıb.
Bundesliqada "biləyi bükülməyən" "Bavariya" ötən mövsüm rekord - 91 xalla çempionluğunu elan etmişdi. Pep Qvardiolanın yetirmələri qalan 7 turda 14-dən artıq xal toplayacaqları halda öz rekordlarını qırmış olacaqlar.
Tarixi ərzində 24-cü Almaniya çempionluğunu elan edən "Bavariya" həmçinin Çempionlar Liqası və Almaniya Kubokunda da mübarizəni davam etdirir.
"Olimpiakos" 41-ci çempionluğunu qazandı
Almaniya kimi Yunanıstan da çempion erkən müəyyənləşib. "Olimpiakos" tarixinin 41-ci çempionluğunu sona 4 tur qalmış əldə edib. Ötən həftə "Atromitos" və PAOK-la 18 xallı fərq yaradan Afina klubu son 4 turu özü üçün formala çevirib.
Cari mövsümdə əzəli rəqibi "Panatinaikos"u çempionluq mübarizəsindən kənarda qoyan "Olimpiakos" son 10 ildə 8-ci dəfə qızıl medallara sahib çıxaraq Super Liqadakı hegemonluğunu davam etdirib. Afina təmsilçisi 30 turda aktivinə 80 xal yazaraq son 10 ildəki ən yaxşı nəticəsinə imza atıb. Komanda qarşıdakı 3 turda bu göstəricini daha da yaxşılaşdıra bilər.
"Seltik" erkən çempion
Şotlandiyada "Seltik" mövsümün sonuna həftələr qalmış çempionluğunu elan edib. Əzəli rəqibi "Reyncers" maliyyə böhranı səbəbindən aşağı liqaya düşürüldükdən sonra - son 2 ildə Premyer Liqada rəqib tanımayan Qlazqonun "ağ-yaşıl" komandasının aktivində 84 xal var. "Seltik" sona 3 tur qalmış ən yaxın izləyicisi "Aberdeen"i 26 xal qabaqlayır. "Aberdeen"in ehtiyatda bir oyunu var.
İtaliyada "Yuventus", Fransada PSJ...
Son iki ildə çempionluğu heç kimə güzəşt etməyən "Yuventus"un cari mövsümdə də birinciliyi əldə edəcəyi gözlənilir. A Seriyasının bitməsinə 8 həftə qalmış 81 xalla zirvədə qərarlaşan Turin klubu ikinci pillədə qərarlaşan və ehtiyatda bir oyunu olan "Roma"nı 14 xal qabaqlayır. Antonio Kontenin başçılıq etdiyi komanda cari mövsümdə öz evində sadəcə bir dəfə məğlub olub. "Yuventus" Avropa Liqasında da mübarizəni davam etdirir.
Qətər sərmayəsi ilə Fransa və Avropanın transfer bazarında at oynadan PSJ Liqa 1-də rəqib tanımır. Paris klubu mövsümün sonuna 8 tur qalmış ikinci pillədəki rəqibi "Monako"nu 10 xal qabaqlayır. Ötən mövsüm 19 illik fasilədən sonra çempionluq sevinci yaşayan PSJ ardıcıl ikinci "qızıl"a yaxındı.
Zlatan İbrahimoviç, Tyaqo Silva, Edinson Kavani, Ezekuiel Lavezzi və Xavyer Pastore kimi bir çox önəmli ulduzun top qovduğu Paris klubu başda "Monako" olmaq üzrə cari mövsümdə çempionluq yolundakı heç bir rəqibinə yenilməyib.
"Portu"nun hakimiyyəti bitəcək?
32 dəfə çempionluq əldə edərək Portuqaliyanın ən titullu klubu adını qazanan "Benfika" son 10 ildə sadəcə iki dəfə qızıl medallara sahib çıxa bilib. Cari mövsümdə ən yaxın izləyicisi "Sportinq"i 7, "Portu"nu 12 xal qabaqlayan Lissabon təmsilçisi çempionatdakı yeganə məğlubiyyətini mövsümsün əvvəlində "Maritimo"dan alıb. Ötən mövsüm Avropa Liqasında, Portuqaliya Kubokunda və Premyer Liqasında son həftələrdə uduzaraq azarkeşlərini məyus edən "Benfika" son çempionluğunu 2009/10 mövsümündə qazanıb.
Türkiyədə çempionluğun əsas namizədi "Fənərbaxça"dı. İstanbul klubu hazırda ən yaxın izləciyisi "Beşiktaş"ı 7, "Qalatasaray"ı 8 xal qabaqlayır. TFF "Trabzonspor"la yarımçıq qalmış oyuna görə "Fənər"ə texniki qələbə verəcək və bu zaman "Qara Qartal"la xal fərqi 10-a yüksələcək. Qarşıdakı 8 həftədə bu fərqi aradan qaldırmaq riyazi cəhətdən mümkün görünsə də, çətin məsələdi. Heç bir sürpriz olmasa, "Fənrəbaxça" iki mövsümlük fasilədən sonra çempionluq sevinci yaşayacaq.
İspaniya və İngiltərədə qeyri-müəyyənlik
Son illərdə Avropanın ən maraqlı çempionatına çevirilən İspaniyada mübarizə bütün gərginliyi ilə davam edir. 30 turdan sonra turnir cədvəlinə "Atletiko" başçılıq edir - 73. Əvvəlcə "Real"ı, ardınca "Selta"nı məğlub edən "Barselona" xal hesabını 72-yə çatdıraraq ikinci pilləyə yüksəlib. Cəmi bir həftə əvvəl turnir cədavəlinə başçılıq edən "Real" isə üçüncü yeri tutur. Əvvəlcə "Barselona"ya uduzan "Kral Klub" ötən axşam "Sevilya"ya boyun əyib. İndi "Real"ın aktivində 70 xal var və liderdən 3 xal geri qalır.
İngiltərə də də oxşar vəziyyət hökm sürür. 31 oyun keçirən "Çelsi" 69 xalla turnir cədvəlinə başçılıq edir. Eyni sayda oyun keçirən "Liverpul" liderdən bir xal geri qalır. 29 oyunda 66 xal toplayan "Mançester Siti" üçüncü pillədə qərarlaşıb. "Şəhərlilər"in ehtiyatda iki matçı var. Çempionluq mübarizəsini davam etdirən "Arsenal" aktivinə 63 (31 oyun) xal yaza bilib. İngiltərədə ötən mövsümün qalibi "Mançester Yunayted" cari mövsümdə çempionluq mübarizəsindən uzaq düşüb. Aleks Ferqyusonun gedişindən sonra komandanın başına keçən David Moyesin rəhbərliyi altında uğursuz çıxış edən "qırmızı şeytanlar" 51 xalla 7-ci pilləni tutur. "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanmamaq təhlükəsi ilə üzləşib.
Azərbaycanda "Qarabağ"
Topaz Premyer Liqasında da çempionluğun taleyi böyük ölçüdə həll edilib. Düzdü, hələ mövsümün bitməsinə 9 tur var. Amma turnir cədvəlinə başçılıq edən "Qarabağ"ın 58 xalı var və ən yaxın izləyicisi "Neftçi"ni 10 xal qabaqlayır. Ağdam klubu son dövrlər qarşısına çıxan bütün rəqibləri darmadağın etməklə iddiasını göstərir. Qurban Qurbanovun yetirmələri "Neftçi"nin 3 mövsümlük hegemonluğuna son qoymaq niyyətindədi.
Fanat.az