Ukraynanın "Dnepr" komandasının müdafiəçisi Artyom Fedetski Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, o, Azərbaycan çempionu "Qarabağ"ı "sirli qutu" adlandırıb.
Püşkün normal alındığını bildirən müdafiəçi ağdamlılarla eyni qrupa düşəcəklərini proqnozlaşdırdığını söyləyib: "Yalnız onu bilirəm ki, "Qarabağ"ın heyətinin az qala yarısı braziliyalılardan qurulub. Ancaq bu futbolçuların səviyyəsi barədə bir söz deyə bilmərəm. Baxarıq. Dünya çempionatı da sürprizlərlə zəngin oldu. Yalnız turnirin gedişatında kimin nəyə qadir olduğunu biləcəyik".
Fedetski qrupdakı əsas rəqibləri kimi "İnter" və "Sent-Etyen"i gördüyünü bildirsə də, Azərbaycan çempionuna barmaqarası baxmadığını söyləyib: "Hayduk"la cavab oyunundan qayıdarkən, təyyarənin komandiri püşk haqda məlumat verdi. Nəyi gizlədim, əsasən İtaliya və Fransa təmsilçiləri barədə müzakirələr gedirdi. "Qarabağ" yada düşmədi. Ancaq bu rəqib elə-belə komanda deyil. Oyuna yaxın daha dolğun təhlil edəcəyik".
Fanat.az