"Qarabağ" qazandı və qazandırdı

"Qarabağ" qazandı və qazandırdı

Ceyhun Əliyev

"Qarabağ"ın məğlubiyyəti nə qədər gözlənilən idisə, sərgilədiyi oyun ölkəmizdə də Avropa meyarlarının tələb etdiyi səviyyədə klubun mövcudluğunu göstərdi.

Bəli, Ağdam təmsilçisi qrup mərhələsinə aparan yolda "Tvente" səddini aşmağı bacarmışdı. Bura "Sent-Etyen"lə Bakıdakı oyunu da əlavə etmək olar. Ancaq nə Hollandiya, nə də Fransa təmsilçisi ilə "İnter"in nüfuzunu müqayisə etmək düzgün deyil. Bu komanda Avropanın əbədi simasıdı... "Barselona", "Real", "Bavariya", "Milan", "Mançester Yunayted"lə bir sırada dayanan "İnter".

"Qarabağ" "İnter"ə uduzdu. Özü də italyanlar ənənəvi "durnoy" qollarla Azərbaycan çempionunu məğlub etdilər. Əlbəttə, "İnter"in daha səviyyəli komanda olduğunu söyləməmək ədalətsizlik olardı. Lakin məni sevindirən Ağdam təmsilçsinin futbolçularının adlı-sanlı rəqib qarşısında dizlərinin əsməməsi oldu. Qurban Qurbanov yetirmələrini inandırmağı bacarıb. Bu qarşılaşmadan sonra nə Ukraynada "Dnepr"lə, nə də Fransada "Sent-Etyen"lə görüşlərdə biz qorxaq Azərbaycan klubunu görməycəyimizə indidən əminəm. 

Parallel aparmaq istəmirəm. Ancaq "Neftçi"nin "İnter"lə səfərdə eyni turnirin qrup mərhələsində 2:2-lik heç-heçəsini dünənki görüşlə bir tərəziyə qoymaq olmaz. Çünki həmin görüşdə "göy-qaralar" heç bir strateji vəzifə yerinə yetirmirdilər və qarşılaşmadan hətta məğlub ayrılsaydılar belə, turnir vəziyyətləri dəyişməyəcəkdi...

"Qarabağ" vuruşdu! Kişi kimi vuruşdu! İdmanda əbədi heç yoxdu: nə qələbə, nə də məğlubiyyət. Önəmli olan bu idi və elə həmin Cavid Tağıyevin həyatına ömürlük həkk olunan 28 dəqiqədə aldığı təcrübəni heç nəylə silmək mümkün olmayacaq. Həmin Tağıyev ki, sol cinahla irəliləyib gözəl fint işlətdi. Bəli, istədiyini sonadək həyata keçirə bilmədi. Ancaq futbolda yaşadığımız rüsvayçılıqların qarşısında Reynaldonun təkbətəkdən yararlanmaması, Şehiçin 2-ci qolda səhvə yol verməsi, Rəşadın həmin epizodda mövqe səhvinə yol verməsi heç müzakirə mövzusu da deyil.

"Qarabağ" uduzdu. Ancaq uduzduğu yalnız tabloda əks olundu. Çünki "Qarabağ" qazandı. Avropa təcrübəsini qazandı. Nüfuz qazandı. Özünəinam qazandı. 

"Qarabağ" qazandırdı. Üç xalı "İnter"ə. Ancaq Azərbaycan adına imic qazandırdı. QARABAĞ adına mənəvi fayda qazandırdı. 

Qurban Qurbanov qazandı. İtaliyanın ən nüfuzlu idman nəşrində müsahibəsinin dərc olunması ilə milyonlarla insana azərbaycanlı məşqçi tanıdıldı. Kim bilir, bəlkə də Qurbanov üçün bu müsahibə tramplin rolu oynayacaq?! Axı onun yapdığı "Qarabağ" ötən gecə Foqtsun "yapmaca"sı üslubunda oynamadı.

Bu cür məğlubiyyətin qarşısında kimisə günahlandırmaq ədalətsizlik olar. Çünki bu yenilgi "Qarabağ"ımızın qrupdan çıxmaq iqtidarında olduğunu göstərdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər