Boqarıstanın Vsekiden portalı Antalya toplanışında "Qarabağ"ın "Levski" ilə qarşılaşmasının UEFA tərəfindən araşdırılacağını bəyan edib. Fanat.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə 4 penaltinin təyin olunmasının şübhəli göründüyünü iddia edən həmkarlarımız Ömər Paşayevin də bu məsələdə əlinin olduğunu bildiriblər.
Məsələ real yanaşmadan öncə Vsekiden-in səsləndirdiyi fikirləri ixtisarla diqqətinizə çatdırırıq:
"Əvvəlcə oyunu türk Serkan Burak Dağezin idarə ediləcəyi bildirilsə də, sonradan ədaləti azərbaycanlı hakimlər briqaddası qorudu. Ola bilər ki, "Levski"nin bu sövdələşmədən ümumiyyətlə, xəbəri yoxdu. Ancaq "Qarabağ" haqqında eyni sözləri demək mümkün deyil. Onların qapısına penaltilər təyin olunduqda heç etiraz belə etmədilər. Böyük ehtimalla azərbaycanlılar da bir neçə qol vurmalı idilər, lakin onların ifaçılarının səviyyəsi penaltidən belə yararlanmağa imkan vermədi. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç hansı istiqamətdə tullanacağını da penaltilərdən öncə aşkar nümayiş etdirirdi.... Baş hakim "Levski"nin qapısına təyin etdiyi penalti epizodunda müdafiəçinin əli bədəninə yapışıq idi və 11 metrlikdən söhbət belə gedə bilməzdi... Azərbaycan klubunun qapısına təyin olunan penalti epizodunda isə "Qarabağ"ın müdafiəçisi bilərəkdən Antonio Anyellini iki əli ilə itələdi ki, "nöqtə"ni göstərməmək mümkün deyildi. Fasilədən dərhal sonra azərbaycanlı müdafiəçi Domovçiyskinin fərqlənməsi üçün hər şey etdi və fərq ikiyə çatdı. Bundan 5 dəqiqə sonra azərbaycanlılar qapıçının rahat şəkildə topu tutmasına mane olurlar və əllə topa müdaxiləyə görə hakim daha bir penalti təyin edir... Görüşün 69-cu dəqiqəsində top "Levski"nin rumıniyalı legioneri Emil Ninunun əlini "tapdı". Ancaq referi görüşdə 4-cü penaltini təyin etdi. Lakin "Levski"nin əvəzedici qapıçısı Yorqaçeviç zərbənin qarşısını almağı bacardı. Onu da qeyd edək ki, dünyanın heç bir böyük bukmeker kontoru bu oyuna mərc qəbul etmirdi".
İndi isə keçək faktlara söykənmiş məqamlara. Azərbaycanlı ədalət təmsilçilərinin Antalyada təlim-məşq toplanışı keçdiyini tək Azərbaycanda deyil, ən azından Türkiyədə də bilirdilər. Bu da faktdı ki, toplanış zamanı referilərimiz oyunları pulsuz idarə edirlər. Deməli, təşkilatçılar üçün məhz azərbaycanlı hakimlərin idarəetməsi daha sərfəlidi. Riçard Almeyda və Danilo Diasın penaltilərdən yararlana bilməmələrinə gəlincə, hər iki epizodu seyr etdikdə, oxucularımız da görə biləcək ki, "Qarabağ"ın legionerləri zərbəni əla vururlar. Sadəcə, qapıçıların ustalıqları və bəxt həmin anda "Levski"nin tərəfində olur. Şehiçin hansı istiqamətdə tullanacağını nümayiş etdirməsinə gəlincə, bu sözləri şərh etməyə belə ehtiyac yoxdu. Gülməli və axmaq iddianın nəyini şərh edəsən?!
İndi də "Qarabağ"ın lehinə təyin edilən ilk penalti haqda. Təqdim etdiyimiz videogörüntünün 01:41 göstəricisində STOP düyməsini basıb bolqar həmkarlarımızın ya gözündə, ya başında hansısa problemin olduğunu görə bilərsiniz. Oyunçu qaranquş kimi qanad çalır, onlar deyir ki, əl bədənə yapışmışdı.
Komandamızın qapısına vurulan 2-ci qol epizodunda Rəşad Sadıqov kobud səhvə yol verib. Bunu danmaq olmaz. Ancaq hər səhvə görə futbolçunun oyunu satdığını iddia etmək sadəcə, ayıbdı. Maldini, Nesta və onlarla dünya şöhrətli ulduzlar ən vacib göeüşlərdə kobud səhv ediblər. Bilərəkdən? Yaxud UEFA prezidenti Mişel Platini 1986-cı ilin dünya çempionatının 1/4 finalında matçsonrası penalti seriyasında Braziliyanın qapısını nişan ala bilməmişdi. Bilərəkdən?
Azərbaycan çempionunun qapısına təyin olunan ilk penaltini bilərəkdən özünün yaratdığını iddia edilən epizoda da diqqətlə baxın. Maksim Medvedev komanda yoldaşlarının köməyinə gəlir və top onun şığıdığı futbolçuya çatanda ətalət qanununa uyğun olaraq, həmin oyunçuyla toqquşmadan yayınmaq üçün əllərini qarşısına qoyur. Bəli, penalti düzgün təyin olunub, amma burda Medvedevin bilərəkdən qapısına "11 metrlik" gətirməsini iddia etmək gülüncdü. Fizikanı 6-7-ci sinifə qədər oxumaq kifayət edir ki, həmin epizodu düzgün qiymətləndirəsən.
Bolqar jurnalistlər Rəşad Sadıqovun güya Şehiçin topu rahat tutmasına mane olaraq, əli ilə oynadığını da iddia ediblər. Videogörüntüdə 05:30 olan vaxtı diqqətlə izləyin. İzlədikdən sonra 2 suala cavab tapın: 1) Həyatınızda bir dəfə də olsun futbol oynamısınızmı? 2) Əgər futbol oynamısınızsa, əvvəlcədən rəqib hücumçunun zərbəsinin alınmayacağını proqnozlaşdırdığınız vaxt olubmu?
Rəşad ovcunun içini iyləmişdi ki, zərbə alınmayacaq? Yoxsa elə ölçüb-biçmişdi ki, özünü zərbənin altına atanda, top mütləq əlinə tuş gələcək? Bu iddiaya da, yumşaq desək, "bir quş".
Qarşılaşmanın şərhinə dair son iddiaya gəlincə, topun müdafiəçinin əlini tapdığını söyləyənlər ya futboldan çox uzaqdılar, ya da... Bu hissəyə az sonra qayıdacam. Hesab 3:0-dı. Yoxlama oyunudu. Referinin hansı ölkədən olmasından asılı olmayaraq, bu cür oyunlarda mübahisəli epizodlar hesabda böyük fərqlə geridə olan komandanın xeyrinə qəbul olunur. Ancaq konkret epizoda gəlincə, çəkilişin aralıdan aparıldığına görə, "əlin topu", yoxsa "topun əli" tapdığını iddia etmək olmur.
Bolqar jurnalistlərin oyunun heç bir böyük bukmeker kontorunda yer almaması iddiasına gəlincə, burda şübhələnməyə heç bir yer yoxdu. Bütün dünya bilir ki, ən böyük oyun alverçiləri Şərqi Avropa ölkələridi. Bura Xorvatiya, Bolqarıstan, Serbiya kimi öncüllər daxildi. Yəni "qumarxanalar" özlərini "Levski" adlı qumarbazlardan qoruyublar.
Bəs bolqar jurnanilstləri nə vadar edib ki, bu cür iddiayla çıxış etsinlər? Oyun alqı-satqısında liderlərdən sayılan "Levski"dən pul qoparmaq məqsədi güdən Vsekiden yazının girişindəcə vəziyyəti dəyişməyə hazır olduğunu gizli şəkildə ortaya qoyub: "Ola bilər ki, "Levski"nin bu sövdələşmədən ümumiyyətlə, xəbəri yoxdu". Bəh-bəh-bəh! Deməli, "Levski" Vsekiden-ə "görüm-baxım" etsə, həmin ifadədən "bəlkə" sözü götürüləcək, etməsə, "bəlkə də xəbərləri var imiş" - əlavə olunacaq.
UEFA-nın araşdırması məsələsinə də toxunmaq istəyirik. Yaxın günlərdə Avropanın ali futbol qurumu Avropa Liqasında "Qarabağ"ın yolu kəsildiyi "İnter"lə oyununa rəsmi mövqe bildirməlidi. Ağdam klubunun SON SANİYƏDƏ təmiz qolunu qeydə almayan Miroslav Zelinkanın bunu bilərəkdən etdiyi gün kimi aydındı. Məhz həmin hadisədən diqqətləri yayındırmaq məqsədi güdən UEFA-nın və onun prezidenti Mişel Platininin bu cür növbəti çirkin əmələ əl atması başadüşüləndi.
Ceyhun Əliyev