"Qarabağ" üçün cari mövsüm uğurlu alınıb. Axı avrokuboklara qatılan təmsilçilərimiz üçün zirvə həddi qrup mərhələsini görmək sayılır.Azərbaycan çempionu bu vəzifənin öhdəsindən gəlməklə, ölkə futbol ictimaiyyətinin gözlədiyi maksimum nəticəni verdi. Ancaq əbəs yerə "iştah diş altındadı" deməyiblər. Həm Qurban Qurbanovun "drujina"sı, həm də ölkə mətbuatı Kiyevdə əldə edilən qələbədən sonra Ağdam təmsilçisinin qrupdan çıxmaq şansları barədə düşünməyə başladı. Nəticədə psixoloji təzyiq "Qarabağ"la acı zarafat etdi: evdə "Dnepr"dən alınan məğlubiyyət birinci dövrədə 2-ci yer uğrunda mübarizə aparan komandalarla "döyüş"də qazanılan üstünlüyün üzərindən xətt çəkdi.Bəli, İtaliya "İnter"i 4 turdan sonra demək olar ki, bütün rəqibləri üçün əlçatmaz olub. Milan təmsilçisinin topladığı 10 xal belə, böyük ehtimalla, onları pley-offa yüksəldəcək... Özü də qrup qalibi kimi. Gəlin hələlik "İnter"i bir kənara qoyub, "Qarabağ"ımızın cümə aşxamı Fransada baş tutacaq oyunu ətrafında düşünək. Xatırladaq ki, 4 turdan sonra "Sent-Etyen", "Dnepr" və Azərbaycan çempionu eyni - 4 xala sahibdirlər. Ağdam təmsilçisi üçün qalan iki oyundan birincisi hazırki vəziyyətdə oluduqca böyük əhəmiyyət kəsb edir. Fransadan 1 xalla dönəcəyi halda, Qurban Qurbanovun yetirmələrinin qrupdan çıxmaq şansları kifayət qədər yüksələcək. Son turda fransızları Kiyev səfəri gözləyir ki, belədə, onların Ukrayna paytaxtından 3 xalla dönəcəyi bir o qədər də inandırıcı görünmür. Eyni zamanda, "Dnepr"in də İtaliyadan xalla qayıdacağını proqnozlaşdırmaq çətindi. Çünki "İnter" 1-ci pillənin taleyini 5-ci turda həll etmək üçün vuruşacaq. İtaliya nəhəngi var gücünü ortaya qoyacağı təqdirdə isə dnepropetrovskluların səfərdən məqbul nəticəylə dönəcəyi real deyil.Deməli, mülahizələrimiz düzgün çıxacağı təqdirdə 5 turdan sonra "İnter" 13 xalla 1-ci pilləni təmin etmiş olacaq, "Sent-Etyen" və "Qarabağ"ın aktivində hərəyə 5, "Dnepr"in isə 4 xalı olacaq. Yuxarıda qeyd etdiyimiz kimi, son turda Ukrayna təmsilçisinin evdə "Sent-Etyen"ə məğlub olacağı inandırıcı deyil. Qurban Qurbanovun yetirmələri üçünsə son tur göydəndüşmə sayıla bilər. Avroliqa vəzifəsini yerinə yetirmiş "İnter"in Bakıya 2-ci heyəti gətirəcəyi gün kimi aydındı və belədə, təcrübəsiz gənclər üzərində qələbə qazanmaq mümkünsüz görünmür. Nəzərə alsaq ki, Tofiq Bəhramov adına "Respublika" stadionu ağzına kimi dolacaq, "Qarabağ"ın yüksək əhval-ruhiyyədə olacağını da proqnozlaşdıra bilərik. Deməli, yekun turnir cədvəlində Azərbaycan çempionunun 2-ci olmaq şansı kifayət qədər yüksəkdi.İndi isə gəldik çatdıq yazının ürəyinə. Yekun uğur üçün komandamıza Fransadan məğlub olmadan qayıtmaq lazımdı. Əlbəttə, texniki və taktiki cəhətdən bu görüşə tam hazır olaq gərəkdir. ANcaq daha bir məqam psixoloji vəziyyətlə bağlıdı. Komandamız oyuna gərginliklə çıxmamalıdı. Futbolçularımız başa düşməlidilər ki, "Sent-Etyen"ə məğlub olsalar belə, onları asıb-kəsən olmayacaq. "Qarabağ" cari mövsüm üçün ondan gözləniləni artıqlaması ilə verməyi bacarıb. Bax bu fikirlə də oyuna, sanki sıradan bir görüşə çıxmaq lazımdı. Belədə, Fransadan xalla da ayrılmaq olar, xallarla da.
Ceyhun Əliyev