Avropa Liqasının qrup mərhələsində "İnter"in qonağı olacaq "Qarabağ" Bakını tərk edib. Fanat.az xəbər verir ki, Ağdam klubu bu gün saat 12.00-da Heydər Əliyev adına beynəlxalq hava limanından İtaliyanın Milan şəhərinə uçub.
"Qarabağ"ı hava limanında çoxsaylı azarkeşlər dəstəkləyib. Fanatlar sevimli komandalarını alqışlarla yola salıb.
Komanda səfərə baş məşqçisiz çıxıb. Belə ki, Qurban Qurbanov artıq dünəndən Milandadı. O, dünən A Seriyasının "İnter" - "Kalyari" matçını canlı izləyib (1:4).
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də Milandakı "Cüzeppe Meatsa" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00.05-də başlayacaq.
Fanat.az