Çempionlar Liqasına hazırlaşan "Qarabağ" bu gün Avstriya təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini almanlarla oyunda sınayıb.
Belə ki, "Qarabağ"ın rəqibi Almaniyanın Regional Liqasında çıxış edən "Sonnenhof Qrossaşpax" klubu olub. Təmsilçimiz meydanı darmadağınla tərk edib. Hesabı 3-cü dəqiqədə Reynaldonun ötürməsini qola çevirən Leroy Cor açıb. 14-cü dəqiqədə Reynaldo özü fərqlənib. 3 dəqiqə sonra yeni transfer Danilo Dias almanları meydanın mərkəzinə dəvət edib. 59-cu dəqiqədə Leroy, 66-cı dəqiqədə Reynaldo dublunu rəsmiləşdirib. 77-ci dəqiqədə het-trik edən Reynaldo hesabı 6:0-a çatdırıb. 86-cı dəqiqədə "Sonnenhof Qrossaşpax" təsəlli qoluna imza atıb və "Qarabağ" 6:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Sonnenhof Qrossaşpax" klubu 1994-cü ildə yaradılıb. Komanda indiyədək aşağı liqalarda bir neçə dəfə çempion olub. Regional Liqanın Cənub-Qərb zonasında çıxış edən "Qarabağ"ın rəqibi son mövsümdə çempionu çempion kimi başa vurub. Rüdiger Rehmin başçılıq etdiyi komandanın heyətində Kosova, İtaliya və Avstriyadan 3 legioner çıxış edir.
Onu da qeyd edək ki, "Qarabağ" bundan öncə Avstriyada 4 oyun keçirib. Ukraynanın “Şaxtyor” (0:2) və Rusiyanın “Krasnodar” (0:1) klublarına yenilən ağdamlılar Almaniyanın “Vakker” (2:0) və Çexiyanın “Viktoriya” (3:1) komandalarına qalib gəlib.
Yoxlama oyunu
8 iyul
21.00 Qarabağ (Azərbaycan) - Sonnenhof Qrossaşpax (Almaniya) 6:1
Qollar: Leroy Corc, 3; 59. Reyanldo, 14; 66; 77. Danilo Dias, 17.
Matçdan dəqiqələr
1 - Yağmurlu hava şəraitində oyun başladı.
3 - QOOOL! Reynaldonun ideal ötürməsindən sonra Leroy Corc hesabı açdı.
14 - QOOOL! İlk qolun ötürməsini verən Reynaldo bu dəfə özü fərqləndi.
17 - QOOOL! Yeni transfer Danilo Dias 3-cü qolu vurdu.
32 - Reynaldonun təhlükəli zərbəsi qapının üzərindən keçdi.
38 - Almanlar cərimə zərbəsindən "Qarabağ"ın qapısına doğru təhlükəli zərbə endirsə də, İbrahim Sehiç inamlı çıxışla zərbənin qarşısını aldı.
40 - Riçard Almeydanın zərbəsi qapıdan xeyli aralı keçdi.
H/T: İlk hissə başa çatdı.
46 - İkinci hissə başladı.
48 - Almaniya klubu küncdən zərbə ilə topu "Qarabağ"ın cərimə meydançasına göndərsə də, müdafiəçilər səhvsiz oynadı.
59 - QOOOL! Leroy Corc rəqibin cərimə meydançasına asanlıqla daxil olaraq özünün 2-ci, komandasının 4-cü qolunu vurdu.
63 - Çumbinyonun cərimə zərbəsi qapıdan aralı keçdi.
66 - QOOOL! Reynaldo əla keçidi ilə cərimə meydançasına daxil oldu və özünün 2-ci, komandasının 5-ci qolunu vurdu.
72 - "Qarabağ" heyətində dəyişiklik edildi. Bədavi Hüseynov, Qara Qarayev və Çumbinyonun əvəzinə meydana Muarem Muarem, Hacı Əhmədov və Vüqar Nadirov daxil oldu.
75 - "Sonnenhof Qrossaşpax" küncdən zərbə ilə topu cərimə meydançasına tərəf göndərsə də, "Qarabağ"ın müdafiəçiləri topu uzaqlaşdıra bildi.
77 - QOOOL! Reynaldo het-trik edərək "Qarabağ"ın 6-cı qolunu vurdu.
78 - Maksim Medvedevin əvəzinə meydana İlqar Qurbanov daxil oldu.
82 - "Qarabağ" müdafiədə kobud səhvə yol versə də, rəqib hücumçunun zərbəsi qapıdan aralı keçdi.
86 - "Sonnenhof Qrossaşpax" təsəlli qoluna imza atıb, fərqi azaltdı.
F/T: Matç bitdi. "Qarabağ" 6:1 hesablı qələbə qazandı.
Fanat.az