Qana yığmasının və Yunanıstanın "Panatinaikos” klubunun yarımmüdafiəçisi Maykl Essyen karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, İngiltərənin "Çelsi”, İspaniyanın "Real” (Madrid) və İtaliyanın "Milan” kubunun sabiq futbolçusu ilə Azərbaycanın "Qarabağ” klubu maraqlanır.
Lakin futbolçunun köməkçisi və qaynı Kveku Puni "Qafqazinfo”ya açıqlamasında bunu təkzib edib: "Bundan xəbərim yoxdu. Essyen "Panatinaikos”un futbolçusudu. Bu klub barədə düşünür. Biz "Qarabağ”a hörmət edirik və güclü klub olduğunu bilirik. Amma hələ ki, bu gəzən xəbərlər doğru deyil. Azərbaycan klubundan bu barədə soruşsanız daha yaxşı olar”.
Qeyd edək ki, qanalı futbolçu karyerası ərzində Fransanın "Bastiya" (2000-2003), "Olimpik" (Lion, 2003-2005), İngiltərənin "Çelsi" (2005-2014), İspaniyanın "Real" (2012-2013) və İtanliyanın "Milan" (2014-2015) klublarında çıxış edib. 2015-ci ildən "Panatinaikos"da forma geyinən ulduz futbolçu Qana millisində 58 oyun keçirib və 9 qol vurub. 33 yaşlı yarımmüdafiəçi Fransa çempionluğunu (2 dəfə), kubokunu (2), İngiltərə çempionluğunu (2), Federasiya Kubokunu (4), Liqa Kubokunu (1), Super Kubokunu (1) və Çempionlar Liqasını (1) qazanıb.
Fanat.az