Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, ötən ay açıqlanan siyahıda olduğu kimi, İFFHS-in cədvəlində Azərbaycanı yenə yalnız 1 komanda təmsil edir.
Lakin “Qarabağ” yanvar reytinqi ilə müqayisədə mövqeyini əldən verib. Ötən ay dünyanın 111-cisi olan Qurban Qurbanovun yetirmələri 119,50 xalla 113-cü pillədə qərarlaşıblar. Son bir ayda 4 klub - “Əl-Əhli” (Misir), “Eştoril” (Portuqaliya), “Udineze” (İtaliya), “Apollon” (Cənubi Kipr) ağdamlıları keçməyə müvəffəq olub. “Qarabağ”ın 4 deyil, 2 pillə geriləməsi isə tanınmış klublar “İnter” (İtaliya) və “Betis”ın (İspaniya) daha çox geriləyərək, təmsilçimizdən aşağı pillələrə yuvarlanması səbəb olub.
Qeyd edək ki, qurum 2013-cü il fevralın 1-dən 2014-cü il yanvarın 31-dək olan dövr üçün planetin 200 ən yaxşılarını müəyyənləşdirib. Siyahının ilk pilləsində heç bir dəyişiklik baş verməyib. Zirvədə yenə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 292 xalla 2-ci, İngiltərə “Çelsi”si 275 xalla 3-cü yerdədi.
Fanat.az