Topaz Premyer Liqasının XXIX turunda "Kəpəz"lə qarşılaşan "Qarabağ" rəqibini 4:0 hesabı ilə darmadağın edib. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini səsləndirib:
"Cəbhədə həlak olan şəhidlərimizə görə onların ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm. Əsgərlər qarşısında baş əyirəm. Oyuna gəldikdə, belə hesabdan sonra danışmaq mənasızdı. Hər amildə "Qarabağ"a uduzduq. Bu, "Kəpəz"in ən bərbad oyunu idi. Ağdam klubu ən ideal heyətlə meydana çıxaraq bizə futbol dərsi keçdi. 11 oyunçu ilə 28 oyun keçirmək çox çətindi. Komanda artıq yorulub. Həyat davam edir".
- Müdafiədə kobud səhvlər var idi...
- Rəqib təzyiq etdiyi üçün səhvlər oldu. 28 oyundu ki, 4 müdafiəçi ilə oynayırıq. Bu da yorğunluqdan irəli gəlir. Onları qınamıram. Bu, futboldu. Çempionat davam edir. Hələ qarşıda oyunlarımız var. Səhvlərimizi də bilirəm. Düzdü, uşaq səhvi edirik. Ancaq şikayət etməyə vaxtımız yoxdu.
- Həm fiziki, həm də psixoloji baxımdan komandanın yorğun olduğunu qeyd etdiniz. Axı psixoloji cəhətdən vəziyyətin durumu olması üçün hər hansı bir səbəb yoxdu. Çünki "Kəpəz"in avrokuboklara vəsiqə qazanmaq şansı var. Bəlkə komanda daxilində nəsə başqa problem var?
- Daxildə heç bir problem yoxdu. İnsan yorulanda səhv etməyə məcburdu. Buraxdığımız səhvlər də bunun nəticəsidi.
Fanat.az