UEFA-nın əmsallar cədvəlindəki son durum bəllidi. Fanat.az xəbər verir ki, avrokubokların qrup mərhələsinin ilk turundan sonra siyahıda müəyyən dəyişikliklər olub.
Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin startı Azərbaycan üçün də uğurlu alınıb. Belə ki, ölkəmiz mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ”ın sayəsində bir pillə irəliləyib.
Buna Ağdam təmsilçisinin Fransa “Sent-Etyen”i ilə ev oyunundakı “quru” bərabərlik səbəb olub. Heç-heçənin gətirdiyi 0,250 əmsal son 5 mövsümə əsasən yığılan əmsalımızı rekord həddə - 11,500-ə çatdırıb və Azərbaycan 29-cu pilləyə yüksəlib. Bu oyunadək ölkəmiz Slovakiya ilə eyni əmsala (11,250) malik olsa da, əlavə göstəricilərdə onlardan geri qalırdı. Slovakiyanın yeganə təmsilçisi “Slovan”ın İsveçrədə “Yanq Boyz”a darmadağınla uduzması (0:5) belə desək, işimizə yarayıb.
İndi 28-ci olan Sloveniyanı keçmək real görünmədiyindən əsas məqsəd mövqeyimizi qorumaqdı. Çünki Sloveniya bizdən 1,625 xal öndədir. Bunun üçün isə ən azı 3 qələbə və 1 heç-heçə lazımdı. Əlbəttə, balkanlılar da xal ehtiyatını artırmaq imkanına malikdi.
Qeyd edək ki, cari mövsüm 2,625 əmsal toplamışıq. Azərbaycan üçün “Qarabağ” 1,250, “İnter” 0,750, “Neftçi” 0,625 “qənimət” qazandırıb. Qrup oyunlarında qələbənin 0,500, bərabərliyin 0,250 əmsalla qiymətləndirildiyini də xatırladaq.
Fanat.az