"Qarabağ"ın heyətinə cəlb etdiyi 2 futbolçu - Şəhriyar Əliyev və Namiq Ələsgərovla bağlı "Bakı" iddia qaldırıb. Fanat.az xəbər verir ki, "Bakı" Futbol Akademiyasının yetirmələri olan bu tandemin 23 yaşı tamam olmayıb və FİFA-nın qaydalarına uyğun olaraq, paytaxt təmsilçisi kompensasiya tələb edə bilər. Məsələyə aydınlıq gətirmək üçün hər iki tərəfin mövqeyini öyrəndik.
Yaşar Seyidov, "Bakı"nın vitse-prezidenti: "Biz FİFA-nın mövcud qaydalarını əsas götürürük. Hər iki futbolçu 23 yaşa çatmadığı üçün Akademiyaya kompensasiya ödənilməlidi. Futbolçularımıza görə alınacaq məbləğ də müvafiq əmsallara əsasən hesablanır. Özü də bu məbləğ 50-60 minlə ölçülmür. Məsələn, Namiq Ələsgərova görə tələb edəcəyimiz məbləğ 400-500 min manat civarındadı. Şəhriyarın yaşı Namiqdən bir qədər çox olduğuna görə, kompensasiya nisbətən aşağı olacaq. Məsləylə bağlı AFFA-ya müraciət etmişik. Federasiyanın Oyunçuların Statusu Haqda Komitəsi bizə müvafiq sənədləri təqdim etməyi tapşırıb. Hazırda bu yöndə işlər gedir və yaxın günlərdə bütün tələb olunan sənədləri bu quruma təqdim edəcəyik".
Əmrah Çəlikəl, "Qarabağ"ın baş direktoru: "Hər iki futbolçu azad agent statusuna malik idilər və onları sıralarımıza qatmışıq. Əlbəttə, FİFA-nın mövcud qaydalarından xəbərimiz var. Buna görə də kompensasiya ödəməyə hazırıq. Futbolçulara görə təzminatın hansı rəqəmlə ölçüləcəyini dəqiq bilmirəm. Lakin bu məbləğin yarım milyon olacağına inanmıram".
Fanat.az