Topaz Premyer Liqasının 21-ci turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Fanat.az xəbər verir ki, fevralın 14-də keçiriləcək oyun öncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına matçla bağlı fikirlərini bölüşüb:
“Deməzdim ki, xüsusi hazırlıq planı ilə hazırlaşırıq, adi təqvim oyunudur. Bununla belə, bizi çətin imtahan gözləyir. “Qarabağ” həm heyət, həm oyunçuların səviyyəsi, həm də baş məşqçi baxımından güclüdü. Bunların hamısı vəhdət təşkil edərək ortaya yaxşı komanda çıxarıb. Ağdam klubuna qarşı əvvəlki iki görüşdə uduzmağımızı uğursuzluq kimi qəbul etmək istəmirəm.
“Qarabağ”a uduzmaq ayıb deyil. Onlara qarşı layiqli mübarizə aparmaq, yaxşı futbol sərgiləmək vacibdir. Proqnoz verməyi xoşlamıram. Bizi çempionatda ən ağır, ən çətin oyun gözləyir. Düzdü, bütün görüşlər çətindi, amma qarşıdakı oyun ikiqat ağır olacaq. Birincisi, evdə azarkeşlərimiz önündə oynayacağıq, ikincisi isə ardıcıl iki qələbədən sonra bizdən böyük şeylər gözlənilir. Bu da başa düşüləndi. Bir şeyi unutmayaq ki, nəinki Azərbaycanda, hətta Avropada top klublardan birinə qarşı oynayacağıq. Uğurlu nəticə üçün çalışacağıq, amma buna nə qədər nail ola biləcəyimizi oyun göstərəcək. Azarkeşlər üçün maraqlı matç olacaq”.
Fanat.az