Azərbaycanın yığma komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiyanın gol.hr saytının əməkdaşı Xinaya müsahibə verib. Fanat.az xəbər verir ki, o, son günlər cəbhədə baş verənlərdən, Azərbaycan millisinin seçmə mərhələdəki durumundan, Xorvatiya millisinin Avropa çempionatındakı şanslarından, "Barselona"nın oyunçusu İvan Rakitiçdən və "Vest Hem"in baş məşqçisi Slaven Biliçdən danışıb.
Prosineçki cəbhədə baş verənlərlə bağlı bunları deyib: "Birincisi, təəssüflər olsun ki, kimlərinsə öldürülməsi kimi şeylər dünyanın istənilən nöqtəsində baş verir. Hərbi hadisələr paytaxta yaxın deyil. Həyat yoldaşım bir az qorxmuşdu. Çünki bizim uşaqlar məktəbə gedirdilər. Ancaq indi onlar bir neçə günlük dərslərini buraxmalı olacaqlar".
O, dünya çempionatının seçmə mərhələsində növbəti mərhələ şanslarının az olduğunu bir daha etiraf edib: "Lazımi addımlar artıq atılıb. Mən Xorvatiya millisinə qarşı yaxşı oynaya biləcəyimizi demişdim və bunu da meydanda etdik. Sözlərimə görə dərhal məni tənqid etməyin. Biz 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına gedə bilməyəcəyik, ancaq istənilən komandaya qarşı oynayacağıq və onların asan qələbə qazanmasına imkan verməyəcəyik. Seçmə mərhələdə çox çətin qrupumuz var: Çexiya, Norveç, Şimali İrlandiya, Almaniya və San-Marino".
Qeyd edək ki, Robert Prosineçki Xorvatiya millisinin Avropa çempionatının qrup mərhələsindən çıxması üçün ən vacib oyununun Türkiyə ilə iyunun 12-dəki matç olduğunu bildirib.
Fanat.az