O eyforiya ki... -"Qarabağ" haqda yazı

O eyforiya ki... -"Qarabağ" haqda yazı

“Qarabağ” “Dnepr”i yendi və Avroliqanın qrupunda qələbə qazanan ilk Azərbaycan klubu kimi, tarixə düşdü. Dnepropetrovsk təmsilçisini Kiyevdə üstələmək əla zəfər idi. Bu gün  Miron Markeviçin yaxşı təşkilatlanmış yetirmələrini, Ukrayna çempionatının liderini Muarem Muaremin vurduğu qolla məğlubiyyətə uğradan “köhlən atlar”ın qrupdan çıxmaq şanslarının müzakirə olunması təbii qarşılanmalıdı.

Bəli, xalq Ağdam təmsilçisindən “doğma divarlar” arasında zəfər tələb edir. Hamı “Dnepr”in Bakıdan əliboş göndəriləcəyinə ürəkdən inanır. Amma... Bu inamın içindən dəli bir eyforiya boy verir ! O eyforiya ki, ürəklərdə reaalığı romantik düşüncələrin qabağında diz çökdürür. O eyforiya ki, ondan hələ xeyir görən olmayıb.

Ağdamlılar ilk dəfə qatıldığı turnirdə qrupdan çıxmağı mütləq hədəf qismində qəbul etsə, Qurban Qurbanovun sərəncamındakı futbolçular “məqsəd ikinci yeri tutb 1/16 finala adlamaqdı” desə, hamının arzusu gözündə qalacaq. Doğrudu, başı dərdlər çəkmiş, zaman-zaman tarixi ərazilərini qonşularına qapdırmış, müharibə şəraitində yaşayan Azərbaycan xalqı uğur, sevinc acıdı. İşğal olunmuş ərazilərin adını daşıyan futbol komandasının Avropada “mən də varam” deməsi milyonlarla ürəyi qürurla doldurur. Ancaq sevinc yaşlarında islanan inamın da iki üzü var. İfrat inamdan istər-istəməz arxayınlıq doğur.

Şübhəniz olmasın, Markeviç və komandası təmsilçimizə Kiyevdə uduzduğuna görə o qədər qınaq “yeyib” ki, Bakıdakı oyuna ölüm-dirim savaşı gözüylə baxır. Hazırda Ukrayna çempionatının lideri Azərbaycan komandasına yenilgini ölkəsinin futbol nüfuzuna sığışdırmır və qisas qoxulu qarşılaşma “Qarabağ”ın tarixində gördüyü ən çətin matç olacaq. Gəlin tələsməyək, “Qarabağ”ın futbolçularını isə aşırı inamla özündən müştəbehliyə səsləməyək. Hədəfləri böyütmək üçün tez, hələ çox tezdi! Məqsəd dəyişməməlidi: hər görüşə yaxşı oyun və uğurlu nəticə üçün çıxmaq. Bütün başqa yollar uğursuzluğa aparar.

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər