“Qarabağ”ın Avroliqadakı rəqibi “Dnepr”in futbolçusu Sergey Kravçenko vətənində diqqət mərkəzindədi. Əlbəttə, bu təsadüfi deyil. Fanat.az xəbər verir ki, Sergey 2005/06 mövsümünün ilk yarısını məhz Ağdam komandasında keçirib. Ölkəsində geniş müsahibə verən oyunçu “Qarabağ”dakı xatirələrini paylaşıb:
“Qarabağ”a keçməyimdə uşaqlıq dostum Denis Sokolovskinin rolu böyük oldu. O vaxt Ukrayna komandalarına keçmək variantım da var idi. Ancaq mən Sokolovskinin oynadığı “Qarabağ”a üz tutdum. 2 gün baxışdan keçdim və yarımillik müqaviləyə imza atdım. Azərbaycana mənimlə birgə təcrübəli Aleksandr Voskoboynik də gəlmişdi. Ona görə də darıxmırdım. Bakıda yaşayırdım. “Qarabağ”ın Ağdam şəhərini təmsil etməsinə baxmayaraq, komanda Azərbaycanın paytaxtında məskunlaşmışdı. Hələ 2005-ci ildə Bakı məni heyran etmişdi. Deyirlər, indi Bakı daha möhtəşəmdi. Orayla bağlı yalnız müsbət xatirələrim qalıb. İlk 4 turda mənə 3 top vurmaq qismət oldu. Bu qollardan birini “Neftçi”nin qapısına vurmuşdum. Məni komanda yoldaşlarım yaxşı qəbul etdilər, baş məşqçinin də etimadını öz üzərimdə hiss edirdim. Mətbuatda hətta mənim Azərbaycan yığmasında mümkün çıxışıma dair mövzunu şişirtməyə başlamışdılar. Yerli pasport almaq demək olar ki, 1 aya mümkün idi”.
Kravçenko Azərbaycan millisində çıxış etməyə niyə razılıq verməməsinə aydınlıq gətirib: “Çünki uşaqlıqdan doğma ölkəmin milli komandası üçün oynamağı arzulayırdım. Bu haqda müsahibələrimdən birində də demişdim. Yerli jurnalist isə müsahibəsinə belə bir qeyd qoymuşdu: “guya, bu oğlancığaz xəyal qurub - “Qarabağ”dan Ukrayna yığmasına necə düşmək olar? 2009-cu ildə həmin müxbir mənə poçtla “Qarabağ”ın fəxri” başlığı altında öz yazısını göndərmişdi. Orda söhbət bu klubun keçmiş futbolçusunun Kiyev “Dinamo”sunun heyətində Ukrayna çempionu olmasından və milli komandada çıxış etməsindən gedirdi. Deyə bilərəm ki, bu yolla həmin jurnalist mənə üzrxahlığını çatdırmışdı”.
Yarımmüdafiəçi “Qarabağ”da 2 nəfərlə indiyədək əlaqə saxladığını və Azərbaycan narını xoşladığını bildirib: “Mənim vaxtımdan klubda bir mütəxəssis çalışır. Əvvəl o, mətbuat katibi olub, indi isə aparıcı menecerdi (“Qarabağ”ın meneceri Asif Əsgərovu nəzərdə tutur – red.). Onunla yaxınlarda danışmışıq. Futbolçulardan yalnız biri ilə müdafiəçi (əslində yarımmüdafiəçi – red.) Namiq Yusifovla əlaqəm qalıb... Yox, kabab bişirməyi öyrənməmişəm (gülür). Amma Bakıda Azərbaycanın milli meyvəsi olan narı sözün əsl mənasında xoşladım. Məşhur Qarabağ atını sürmək isə mənə qismət olmadı. Çünki biz Bakıda yaşayırdıq, hansısa dağ kəndində yox. Ona görə də mən orda əməlli-başlı at görmədim”.
“Dinamo”nun sabiq futbolçusu “Qarabağ”da cəmi 6 ay oynamasına da aydınlıq gətirməyə çalışıb: “Razıyam ki, “Qarabağ”ın Avroliqanın qrup mərhələsində bizimlə düşəcəyini heç kim ağlına gətirməzdi. Buna baxmayaraq, klub inkişaf edir. Ancaq 2005-ci ildə bu klub Azərbaycan çempionatının ortabab komandası idi. Mən artıq ordan gedəndən sonra “Qarabağ” ölkə kubokunu qazandı, büdcəsi artırıldı, heyəti yığmanın bazası oldu və birinciliyin qızıl medallarını qazandı. Ordan tez ayrılmağıma səbəb “Vorskla”dan dəvət almağım idi. Bu klubun seleksiyaçısı Valeri Qoşkoderya çıxışımı diqqətlə izləmişdi və Viktor Nosovu məni komandaya dəvət etməyin vacibliyinə inandırmışdı”.
Ukrayna millisinin sabiq üzvü “Qarabağ”da braziliyalıların yaxşı təsir bağışladığını bildirib: “Bizə azərbaycanlıların oyununu ətraflı təhlil etmək lazımdır. Bununla belə, mən Avroliqada matçların icmalına baxmışam. Ordan görünür ki, asan oyun olmayacaq. “Sent-Etyen”lə ev oyununda “Qarabağ”ın əsasını demək olar ki, braziliyalılar təşkil edirdi. Qol vəziyyətlərinə görə fikir yürütsək, həmin braziliyalılar daha üstün görünürdülər. Fransızların gücünə isə yaxınlarda özümüz bələd olmuşuq”.
Fanat.az