"Qarabağ" Avropa Liqasının qrup mərhələsində debütə hazırlaşır. Tarixində ilk dəfə qrupa düşən Ağdam klubunun ilk rəqibi Fransa "Sent-Etyen"i olacaq. Liqa 1-in liderləri arasında yer alan komanda ilə oyun sertyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bu mövsüm "Zalsburq", "Tvente" kimi güclü rəqiblərlə ev oyunlarında istədiyi nəticəni qazanan "Qarabağ" qrup mərhələsində ilk xalını və ya xallarını hesabına yaza biləcəkmi? Bu sualla həmkarlarımıza müraciət etdik:
Natiq Muxtarlı (publika.az): "Sent-Etyen"i o qədər də böyütməyə ehtiyac yoxdu. Bu komanda həm Fransada, həm də Avropada ortabablardan sayılır. "Qarabağ" öz oyununu diqtə edə bilsə, "Sent-Etyen"lə oyun gözlədiyimizdən də asan alınacaq. Güman ki, fransızlar "Qarabağ"a başdansovdu münasibət gözsətərəcəklər, ciddiyə almayacaqlar. Bu da üstünlük sayılmalıdı. Türkiyənin zəif "Karabükspor"u "Sent Etyen"in qorxunc komanda olmadığına işarə verdi. "Qarabağ" bunun belə olduğunu sübut etməlidi. Məncə, Bakıda fransızlara qalib gəlmək mümkündü".
Elçin Cəlilov (futbolpress.az): "Fransız klublarıyla oyun praktikası və ya təcrübəsi yox kimidi. "Qarabağ" üçün bu rəqib qrupdakı digərlərinə baxanda, "sirli qutu"du. Ancaq "Sent Etyen"in depressiv period keçirdiyini söyləmək olar. Maddi rifah yerində deyil. Onların fiziki üstünlüyünü qapadacaq nəsə fikirləşə bilsə, onda Qurban Qurbanovun komandası qrupa qələbəylə başlaya da bilər. Ancaq heyət ürəkaçan deyil".
Rəşad Ergün (komanda.az): "Qarabağ" əsas vəzifənin - Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağın öhdəsindən gəlib deyə, komandanın üzərində təzyiq yoxdu. Bu isə "köhlən atlar"a rahat oynamaq imkanı yaradır. İtiriləcək heç nə yoxdusa, niyə də daha irəli getmək üçün çalışmayasan? "Qarabağ" çalışsa, hər oyuna ürəyini qoysa, nəinki Bakıda rəqiblərindən xal alar, hətta qrupdan da çıxa bilər. Və məncə, buna elə "Sent-Etyen"lə oyunda start vermək olar".
Amal Abuşov ("Futbol+" qəzeti): "Qarabağ" fransızlarla oyunda ilk xalını qazana bilər. Sözün hər iki mənasında meydan amili təsirini göstərəcək. Yeni qazonda hər iki komanda öz oyununu sərgiləməyə çətinlik çəkəcək. Belədə tribunaların böyük dəstəyini alan "köhlən atlar" öz şansını dəyərləndirməlidi. Əlbəttə, oyunun favoriti qonaqlardı. Ən azı ona görə ki, "Sent-Etyen" Fransa çempionatında oynayır. Odu ki, rəqibi kiçildib, özümüzü arxayınlaşdırmayaq. Amma "Zalsburq" və "Tvente"ylə Bakıdakı oyunlar gələcəyə ümidlə baxmağa əsas verir. "Qarabağ" artıq gərginlikdən uzaqdı, bir növ ilk tapşırığın öhdəsindən gəlib. Reynaldonun da heç yerə getməyəcəyi dəqiqləşib, braziliyanın fikri oyunda olacaq. Riçard Almeyda, Çumbinyo, Leroy Corc ürəklərini meydana qoya bilsələr, nəinki ilk xalı, hətta ilk qələbəmizi qazana bilər. Yerli futbolçuların adını ona görə sadalamıram ki, onlar öz məsuliyyətlərini yaxşı başa düşürlər. Qurban Qurbanov və onun yetirmələri adlarını Azərbaycanın futbol tarixinə yazdırmalıdılar".
Rövşən Əhlimanoğlu (aut.az): "Fikrimcə, "Qarabağ" qrupda ilk xalını qazana bilər. Ölkə çempionatında işlər yolunda getməsə də, əsas diqqət Avropaya yönəlib. Təbii ki, "Sent-Etyen"in Fransa çempionatında iştirakını nəzərə alsaq, bu oyun çətin olacaq. Fransızlar cari mövsümdə yalnız PSJ-yə məğlub olublar (0:5). Ancaq Avroliqada göstərdiyi nəticələr "Qarabağ"ın lehinə ola bilər. Üstəlik, azarkeş amili də bu oyunda böyük rol oynayacaq. Bir şərtlə rəqibdən xal almaq olar: gərək Qurban Qurbanov komandasına Avstiryada keçirilən "Zalsburq"la oyundakı kimi çıxış etmək təlimatı verməsin. Üstəlik, oyunda braziliyalıların xidmətindən maksimum yararlanmaq lazımdı. Həm də "Tvente" səddini keçmək "Qarabağ"a rəqibləri arasında əlavə üstünlük verir. "Qarabağ"ın qələbə qazanmasını istərdim, amma reallıqla barışmaq lazımdı. Ən yaxşı halda, bir xal yaxşı nəticədi".
Fanat.az