Milli komandamızın baş məşqçisi Berti Foqts Avropa çempionatının seçmə mərhələsinin İtaliya ilə oyunu öncəsi mətbuat konfransı keçirib. Fanat.az apasport.az saytına istinadən xəbər verir ki, alman çalışdırıcı ilk öncə qarşlaşma haqqında fikirlərini bildirib.
- Böyük bir həvəslə burda məşq keçirik. Burda hava gözəldi. Dənizi görəndə adam həzz alır. Məni tanıyan bilir ki, İtaliya futbolunun dostuyam. Təəssüf ki, sonuncu DÇ-də İtaliya pis çıxış etdi. Rəqibin heyətində hansı futbolçuların olduğuna baxanda onların niyə mundialı erkən tərk etməsi təəccüb doğurur. Oyun 90 dəqiqə olur. Hər komandanın 2 üzü olur. Oyunçularım bilir ki, qorxmaq lazım deyil. Ümid edirəm ki, məşqdə etdiklərimizi meydanda da göstərə biləcəyik. Belə matçlardan öyrənmək lazımdı. İtaliya, Almaniya kimi rəqiblərlə oyunlar çox önəmlidi. İngilislərin bir misalı var: oynaya oynaya öyrənmək lazımdı. Biz də belə etməliyik.
- Siz İtaliya ilə tez-tez görüşmüsünüz. İtaliya deyəndə sizin ağlınıza nə gəlir?
- İtaliya deyəndə həmişə texnikalı, sürətli, qələbə qazanmaq istəyən komanda ağlıma gəlir. Fərdi cəhətdən texnika və taktikaları çox güclüdü.
- Frankfurtdakı 5 günlük hazırlıq futbolçulara nə verdi?
- Çox şadam ki, bizim orda hazırlıq keçmək imkanımız oldu. Bundan qabaq mən “Qarabağ”ın “İnter”lə oyununa baxmışdım. Onu deyə bilərəm ki, “Qarabağ”ın oyunçuları tam yüksək səviyyədə deyil. Başa düşmürəm ki, Avroliqada oynayan komandanın çempionatda oyunu niyə görə təxirə salınmalıdı? Biz 4 gün sonra Xorvatiyaya qarşı oynamalıyıq.
- İtaliya kimi komandaya qarşı oynayanda futbolçuların dizləri əsməyəcək ki?
- Biz kişiyik. 18 yaşdan sonra kişi sayılırıq. 20-23 yaşında futbolçu qorxa-qorxa meydana çıxırsa, məncə, o başqa idman növünü seçməlidi. Mən 1,67 boyundayam. Amma hündürboy Matsoliyə qarşı oynamaq imkanım olub.
- İtaliya ilə Almaniya arasında DÇ-1970-in yarımfinalındakı görüş haqqında yadınızda nə qalıb?
- Çox pis təəssüratlar qalıb. Almaniyanın bəxti gətirmədi. Hakimlikdə səhv vardı. Amma həmin vaxt İtaliya Almaniyadan güclü idi. Bərabərlik qolunu “Milan”da oynayan Şnelinger vurmuşdu.
- Həmin oyunu yenidən keçirmək istərdiniz?
- Məncə, həmin oyun bu komandalar arasında keçirilən ən böyük matç idi. Kimdən soruşsanız, hamı İtaliya - Almaniya matçları arasında DÇ-70-i göstərər.
- Antonio Konte haqqında nə bilirsiniz? “Borussiya”da çıxış edən Çiro İmmobile haqqında nə deyə bilərsiniz?
- Konte ilə FIFA-nın son konqresində görüşmək imkanımız olub. O, yaxşı məşqçidi. Hollandiya və Norveç üzərindəki qələbələr İtaliyanın yeni üslubda oynamasından xəbər verir. Məncə, İtaliya yeni keçid dövründədi. İmmobileyə gəlincə, o çox yaxşı oyunçudu. Rəqibin cərimə meydançasında topla yaxşı rəftar edir. Almaniya çempionatında onun öyrəşməsi üçün vaxta ehtiyacı var. O, Mario Balotellidən fərqli oyunçudu.
- Qarşıdakı günlərdə komanda neçə xal toplamağa köklənib?
- Bundan da qabaq demişəm ki, məsələyə real yanaşmaq lazımdı. Deyə bilmərəm ki, İtaliya və Xorvatiyadan 6 xal alacağıq. Bura mübarizə göstərməyə gəlmişik. Biz 90 dəqiqə mübarizə aparmalıyıq. Göstərməliyik ki, son 6 ildə bizdə inkişaf var. Komandama inanıram və sabah İtaliyaya qarşı əlimizdən gələni edəcəyimizi deyə bilərəm.
- Cavid İmamverdiyev son 2 turda Türkiyənin I dəstəsində qol vurur. O açıqlamasında bildirib ki, yığmadan dəvət gözləmir. Sizcə, bu ümidsizliyə qapılmaqdandı, yoxsa günahı özündə axtarmalıdı?
- Azərbaycan çempionatı sizcə, Türkiyənin aşağı dəstəsindən zəifdi? Ondansa, “Neftçi”, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” kimi komandalarda oynayıb Avroliqada çıxış etsə, daha yaxşıdı.