"Bayrağımızı alıb çırmaq istədilər. Buna icazə verməmək üçün əllərindən aldıq. Fikrimcə, çox normal hərəkət etdik. Kimsəyə zərər verəcək hərəkət etmədim. Amma mənə bir neçə yumruq vurdular". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
AVRO-2016-nın seçmə mərhələsinin Serbiya - Albaniya oyunu meydandakı olaylara görə yarımçıq dayandırılıb. Matçın iştirakçısı olan Aqolli Türkiyə mətbuatına olayla bağlı açıqlama verib. "Qarabağ"ın futbolçusu serb fanatların himnlərinə qarşı hörmətsizlik etdiyini bildirib: "Himnimizi belə eşitmədim. Oyun başlayanda isə əllərində nə vardısa bizə atdılar. Daş və mobil telefonlar belə var idi".
Aqolli ermənilərin Yerəvanda keçirilən Ermənistan - Serbiya matçında açdığı "Qarabağ Ermənistanın, Kosova Serbiyanın" pankartı ilə bağlı da fikirlərini bildirib: "Hər kəs Qarabağ və Kosovanın kimin olduğunu çox yaxşı bilir. Dünya Qarabağı Azərbaycanın torpağı, Kosovanı müstəqil respublika kimi tanıyır".
Fanat.az