"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniyanın "BalkanWeb" saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistanla oyun (2:1) sizin üçün asan olmadı...
- Bəli, elədi. Ermənilərin erkən qol vurması işimizi bir qədər çətinləşdirdi. İstərdik ki, asan qələbə qazanaq. Amma belə əzmkar qələbənin qiyməti daha çoxdu.
- Baş məşqçi fasilədə nə dedi?
- Dedi ki, ermənilərə qalib gəlməliyik. Üstünlüyümüzü hesabda da əks etdirməyimiz lazım idi. Fikrimcə, iki qol vurmağımızla yanaşı, meydanda da dominantlıq edən tərəf məhz bizim komanda idi.
- Bəs oyunçular öz aralarında nə qərara aldılar?
- Daha az top itirmək barədə danışdıq.
- Azərbaycana qələbə ilə qayıtmaq necədi?
- Xeyli insandan təbriklər aldım. Hələ sərhəddə pasportumu yoxlayanlar da təbrik edirdilər. Daha sonra baş məşqçi, komanda yoldaşlarım məni təbrik etdilər. Dedilər ki, əksəri həmin oyunu izləyirmiş və bizə azarkeşlik edirmiş. Azərbaycanla Ermənistan arasında münasibətlər gərgindi. Çünki ermənilər Azərbaycanın Qarabağ regionunu işğal ediblər. Elə mənim klubum da həmin bölgəni təmsil edir. 1 milyondan artıq Qarabağ qaçqınının taleyi Kosovo albanlarının aqibəti ilə demək olar ki, oxşardı.
- Oyundan öncə qələbə qazanacağınız halda klub tərəfindən mükafatlandırılacağını deyirdiniz...
- Aldım. Amma bu, "Roleks" deyil (gülür). Mən yığmada mükafat üçün oynamırdım. Öz ölkəm üçün çıxış edirdim və şadam ki, bu qələbəmizlə təkcə Albaniyaya yox, eyni zamanda azərbaycanlılara da yaxşı emosiya bəxş etdik. Mən özümü Bakıda evimdəki kimi hiss edirəm. Klub rəhbərliyi bizim hər birimizə böyük sevgi ilə kömək edir.
Fanat.az