Təkrar oyunda "Qarabağ" üzərində 2:0 hesablı qələbə qazandıqdan sonra Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanan "Zalsburq"un baş məşqçisi Adolf Hütter görüş haqda fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Avstriya çempionununun baş məşqçisi daha böyük hesabla qalib gəlməli olduqlarını dilə götərib.
O, komandasından ağızdolusu danışıb: "Hələ ilk 45 dəqiqədən sonra 3:0 öndə olmalı idik. Sevindiricidir ki, komandam qolları sıraladıqdan sonra əllərini yanına salmadı. Ancaq 2-ci hissədə də fərqlənməli idik. Evdə oynamaq daha asan idi. Axı 4 saatlıq yol qət etməmişdik. Erkən qol vurmaq istəyirdik və bunu bacardıq. Rəqibə də şans vermədik".
Hütter azarkeşlər haqda da danışıb: "Qarabağ"ı 30- minlik azarkeş ordusu qarşısında görmüşdük. İndi də onlar bizi 20 minlik fanatlarımız önündə izlədilər. Sevinirəm ki, pərəstişkarlarımız bizi tək qoymadılar".
Sonda mütəxəssis "Qarabağ"a Bakıda məğlub olduqdan sonra söylədiyi yüksək fikirlərə dair sualı cavablandırıb: "Fikrimi zərrə qədər də dəyişməmişəm. Ağdam klubu Avstriyada ən yüksək yerlər uğrunda mübarizə apara bilər".
Fanat.az