"Qarabağ" Premyer Liqanın XXIX turunda AZAL-ın qonağı oldu. Turnir cədvəlinin vahid lideri olan komanda "təyyarəçilər"lə oyundan öncə tam heyətlə görüşə hazırlaşsa da, baş məşqçi uzunmüddətli zədədən dönən Rəşad Sadıqova start heyətində yer verməmişdi. Ötən turla müqayisədə heyətdə 2 dəyişiklik vardı. Sağ cinahda Vüqar Nadirovu Leroy Corc əvəzləmişdi. Ansi Aqolli isə İlqar Qurbanovdan sol cinah müdafiəçi yerini "təhvil almışdı".
Oyundan maraqlı məqamları nəzərə çatdırıq.
* "Qarabağ" bu qələbəylə çempionatda ardıcıl 6-ci qələbəsini qazandı
* Bu seriya eyni zamanda Premyer Liqada cari mövsüm ən uzun qələbə seriyasıdı
* Buna qədər 5 ardıcıl böyükhesablı qələbə qazanan komanda bununla da "Neftçi"nin 18 illik nəticəsini təkrarladı. "Qarabağ" AZAL-a qol buraxmadan daha 1 dəfə məyus edə bilsəydi, ardıcıl 6 darmadağınla çempionatlar tarixində vahid lider olacaqdı
* "Qarabağ" son 10 oyunda 9-cu qələbəsini qazandı
* Qapısını toxunulmaz saxlamaqla komanda bununla da göstəricisini 5-oyuna çatdırdı. Başqa sözlə "Qarabağ" 457 dəqiqədi qapısında qol görmür. Sonuncu dəfə İbrahim Sehiçin qoruduğu qapıdan 24-cü turda "Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov 83-cü dəqiqədə top keçirə bilib
* Bu cari mövsüm 2-ci ən uzun göstəricidi. Mövsümün seriyası isə 512 dəqiqə ilə "Qarabağ"ın digər qapıçısı Fərhad Vəliyevə məxsusdu
* "Qarabağ" eyni zamanda AZAL-la oyunda 3 oyundan sonra qapısı "quru" saxlaya bildi
* "Qarabağ" "AZAL Arena"da 3 il sonra qələbə qazana bildi. Sonuncu dəfə komanda bu meydanda 2011-ci ilin sentyabrın 19-unda 3 xalı aktivinə yaza bilmişdi
* "Qarabağ"da Reynaldo vurduğu qolla Premyer Liqada cari mövsüm 18-ci dəfə fərqlənməklə bombardirlər siyahısında yerini möhkəmləndirdi
* Maraqlıdı ki, Reynaldo bununla 2010-2011 mövsümündə çempionatın bombardiri olan Georgi Adamiyanın göstəricisinə çatdı
* Ümumiyyətlə, bir mövsüm "Qarabağ"ın formasında ən çox qol vuran futbolçu olmaq üçün Reynaldoya cəmi 3 qol lazımdı. Samir Musayev 2003-2004 mövsümündə 20 dəfə fərqlənməyi bacarıb
* Braziliyalı son 5 oyunda start heyətində meydana çıxarkən qol vurmadan meydanı tərk etməyib
* Reynaldo 22-ci dəqiqədə fərqlənməklə cari futbol ilində 25-ci qolunu vurdu. Premyer Liqada 18 dəfə fərqlənən Reynaldo 5 dəfə Avroliqada 2 dəfə də ölkə kubokunda adını tabloya yazdırıb
qarabagh.com