"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl Azərbaycandan təklif alıb. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddiaya görə, 35 yaşlı qapıçını heyətinə qatmaq istəyən klub "Qarabağ"dı. Ağdamlıların qolkiperin menecerinə 2 illik müqavilə təklif etdiyi bildirilir.
Volkanın "Fənərbaxça" ilə müqaviləsi başa çatır. Klub rəhbərliyi ona yeni anlaşma təklif etməyib. Lakin o, "Fənərbaxça"nı gözləmək niyyətindədi. Qolkiper "Qarabağ"ın təklifinə təşəkkür edərək "Fənərbaxça"nı gözləmək niyyətində olduğunu deyib.
Qeyd edək ki, Volkan Dəmirəl 2002-ci ildə "Kartalspor"dan "Fənərbaxça"ya keçib. Bü müddətdə o, Türkiyə çempionluğunu (5 dəfə), kubokunu (2), Super Kubokunu (3) qazanıb, Çempionlar Liqasında 1/4, Avropa Liqasında yarımfinal oynayıb.
2004-2014-cü illərdə Türkiyə yığmasına çağrılan qolkiper 63 oyunda milli formanı geyinib. O, 2008-ci ildə Avropa çempionatının yarımfinalına yüksəlib.
Fanat.Az