Məlum olduğu kimi, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin Çexiyanın "Slovan" klubu ilə ilk oyununu Bakıda - "Dalğa Arena"da keçirəcək. Sentyabrın 15-dəki matç Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasına görə Mərdəkanda baş tutacaq. Ancaq "Qarabağ"ın vacib görüşünün şəhərdən çox kənarda, daha kiçik tutumlu stadiona salınması birmənalı qarşılanmadı. Halbuki "Qarabağ"ın Bakı Olimpiya Stadionunu (BOS) seçmək imkanı da vardı.
Qaynarinfo.az bu məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın icraçı-direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb. O, BOS-un seçilməməsi səbəbini belə izah edib: "Təəssüf ki, həmin stadionun öt örtüyü də ürəkaçan durumda deyildi. Ona görə də qərara gəldik ki, qrup mərhələsindəki ilk oyunumuzu Mərdəkanda keçirək".
Bu arada Serbiya mətbuatında Boyan Şaranov adlı qapıçının "Qarabağ"la anlaşdığı qeyd olunub. Ötən mövsümün II hissəsini məşhur "Partizan" klubunda keçirmiş 28 yaşlı qolkiperin "Qarabağ"la nə vaxt müqavilə bağlayacağı bilinmir. Bundan başqa, ispaniyalı məşqçi Pablo Ximenes sosial şəbəkədə "Qarabağ"ın U-18 komandasına baş məşqçi təyin olunduğunu bildirib.
Əmrah Çəlikəl bu informasiyaların doğru olduğunu təsdiqləyib: "Həm Şaronov, həm də Ximenes xəbəri doğrudur. Hər 2 şəxslə müqavilə bağlayacağıq. Bu gün ərzində müqavilələr rəsmiləşməlidir".
Fanat.Az