"Baku Sportinq" üçün təəssüf hissi keçirirəm" - Röyal Nəcəfov

"Baku Sportinq" üçün təəssüf hissi keçirirəm" - Röyal Nəcəfov

Birinci Liqada 2-ci turun oyunlarına yekun vurulub. 

Ötən mövsüm "Baku Sportinq"i çalışdırmış gənc mütəxəssis Röyal Nəcəfov Fanat.Az üçün ötən tur baş tutan oyunları və komandaların ümumi durumunu dəyərləndirib:

"Mərkəzi görüş "Şahdağ Qusar" və "Karvan-Yevlax" komandaları arasında baş tutdu. Həqiqətən "Şahdağ Qusar" çempionata möhtəşəm başladı. Çünki ilk iki turda birbaşa rəqiblərinə qarşı üstün oyun nümayiş etdirərək qələbələr qazandı. Bu başlanğıc Qusar təmsilçisinə gələcəkdə böyük bir üstünlük qazandıracaq. Komanda elə ilk turlardan çempionluğa əsas namizəd olduğunu göstərdi. "Karvan-Yevlax"a gəlincə, görünən odur ki, komanda enişli-yoxuşlu çıxış edəcək. "Səbail"in qələbəsini də qeyd etmək lazımdır. Hərçənd "Mingəçevir"lə matçda hesab 2:1 olsa da, "Səbail" daha böyük fərqlə qalib gələ bilərdi. Turdan-tura hiss olunur ki, "Səbail" artıq öz oyununu tapmağa başlayır və çempionluğa əsas namizədlərdən biri olduğunu qarşıdakı matçlarda da göstərəcək. "Mingəçevir" isə əvvəl də dediyim kimi, böyük ehtimalla, turnir cədvəlinin aşağı pillələrində qərarlaşacaq və əsas hədəfi yəqin ki, liqada qalmaq olacaq.

Əslində, MOİK-in "Şimal" üzərində böyük hesablı qələbəsini gözləyirdim. Amma "Şimal" həqiqətən göstərdi ki, bu il bir çox komandaya başağrısı olacaq. Hədəfləri liqada qalmaq olsa da, məncə, builki "Şimal" ötənilkindən daha yaxşıdır. MOİK-də isə qeyri-stabillik hələ də davam edir. Artıq iki tur geridə qalıb və komanda hələ də qeyri-stabil çıxış edir. Məncə, ötən turda da qeyd etmişdim, ən çox bəyəndiyim komandalardan biri "Zaqatala"dır. Baxmayaraq ki, bölgə komandasının heyətində Birinci Liqa təcrübəsi olan futbolçuların sayı çox azdır. "Zaqatala"nın əksər oyunçuları əvəzedici heyətlərdən və U-19 liqasından gəliblər. Buna rəğmən, komandada məşqçi işi aydın görünür. Son turda evdə "Baku Sportinq" üzərində böyükhesablı qələbə qazandılar. Əfsuslar olsun ki, Buzovna təmsilçisi ilk iki turda çox uğursuz nəticə göstərdi. Vaxtilə orada işləmiş bir məşqçi kimi "Baku Sportinq" üçün çox böyük təəssüf hissi keçirirəm. Çünki ilk iki turda 6 qol buraxıblar, xalları yoxdur və hələ qol vurmayıblar. Ümid edirəm ki, gələcəkdə "Sportinq" öz oyununu düzəldəcək, çünki onlar turnir cədvəlinin yuxarı pillələrinə layiq komandadır.

Bildiyimiz kimi, "Xankəndi" çempionata yaxşı başlamışdı. "Səbail"lə oyundan bir xal götürmüşdü. Amma demişdim ki, bu komandaya zaman lazımdır... Görək nə edəcəklər. Hərçənd "Xankəndi" önə keçsə də, "Gəncəbasar"la səfər qarşılaşmasından məğlubiyyətlə ayrıldı. Demək olar ki, "Xankəndi"də də qeyri-stabillik müşahidə olunur. Hə, "Səbail"dən xal almaqla komanda yaxşı əzmkarlıq nümayiş etdirdi, Gəncədəki məğlubiyyət isə onların hələ də tam hazır olmadığını göstərdi. Liqanın hazır komandalarından biri kimi "Gəncəbasar"ı xüsusi qeyd etmək istərdim. Yeni yaransa da, daha doğrusu, adı dəyişsə də və o qədər iddialı görünməsə də, məşqçinin işi və komandanın oyunu göstərir ki, "Gəncəbasar" bu ilin sürpriz komandalarından biri ola bilər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər