Bu gün Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutacaq. Təmsilçimiz “Qarabağ” bu axşam həlledici matça çıxacaq. Azərbaycan azarkeşləri üçün xüsusi maraq kəsb edən görüş Bakıda baş tutacaq.
Ağdamlılar İtaliyanın “Fiorentina” klubunu qəbul edəcəklər. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qoruduğundan Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti dəfə anşlaq qeydə alınması gözlənilir.
Səfərdə 1:5 hesabı ilə məğlub olan "Qarabağ", iki əsas oyunçusu sayılan Miçel və Maksim Medvedevin yoxluğunda meydana çıxacaq. Bu matç təmsilçimiz üçün çox vacibdir.
Ağdamlılar bu matçdan 3 xalla ayrılmalıdır. Çünki bu nəticə “Qarabağ”ı 1/16 finala daşıyacaq. Təmsilçimizin tutacağı yer isə PAOK - “Slovan” görüşündən asılı olacaq.
Ağdam klubu 1 xalla da mərhələ keçə bilər. Bunun üçün Yunanıstanda meydan sahibləri qələbə qazanmamalıdır. Cari mövsüm evdə uduzmayan əyalət klubunun üstünlüyü isə daha güclü çempionatda çıxış edən “Fiorentina”nın A seriyasında daha çox güc sərf etməsi və məhz daxili yarışa diqqət ayırmasıdır.
Saat 20.00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş haqqında azarkeşlərdə sual yaranıb. Belə ki, Bakıya yağan güclü qar stadionun ot örtüyünə də təsir edir. Bu səbəbdən matçın ertələnmə ehtimalı yaranıb.
Bu haqda ətraflı məlumat almaq üçün musavat.com klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb. "Qarabağ"ın sözçüsü bildirib ki, oyun ertələnməyəcək: "Belə bir təhlükə yoxdur. Hazırda stadionda qarın təmizlənmə işləri gedir. Əlavə işçi qüvvəsi ayrılıb. Tez-tez stadion qardan təmizlənir. Oyun zamanı da təmizlənmə prosesi gedəcək. Qarın yağması oyuna elə də güclü təsir etməyəcək".
- Bilet satışı nə yerdədir? Nə qədər bilet satılıb?
- Bu günə qədər 17 min bilet satılıb. Bu gün nə qədər satıldığını dəqiq deyə bilmərəm. Hava şəraitinə görə bilet satışı zəif ola bilər. Amma oyuna maraq böyükdür.
- Hava şəraitinin pis olması azarkeşlərin oyuna gəlməsinə təsir edə bilərmi?
- Ola bilər. Amma belə bir həlledici matçda azarkeş dəstəyinə çox ehtiyac var. "Qarabağ"ın bu mübarizəyə davam etməsi üçün azarkeş dəstəyi vacibdir.
Fanat.Az