Liderdən xal alan Adil Mahmudov kubokla bağlı da iddialı danışdı

Liderdən xal alan Adil Mahmudov kubokla bağlı da iddialı danışdı

İkinci Liqanın 6-cı turunda "Şirvan"la qarşılaşan "Difai" komandası liderdən xal almağı bacarıb.

Altı qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib (3:3).

Ağsu təmsilçisinin baş məşqçisi Adil Mahmudov Fanat.Az -a açıqlamasında görüşü belə şərh edib:

"Şirvan"la oyunun çətin keçəcəyini bilirdik. Çünki səfərdə oynayırdıq, rəqib indiyə qədər xal itirməmişdi. Komandamızın əksəriyyəti gənc futbolçulardan təşkil olunub. Komanda sıfırdan yığılıb, çətinliklər var. Əvvəlki oyunlarda heyət tam formalaşmamışdı. Amma bir şeyə sevinirəm ki, seleksiya çox gözəl aparılıb və buraya ən yaxşı oyunçuları toplamışam. Komandada artıq xarakter formalaşıb, oyundan-oyuna daha da püxtələşirlər. Bunun da nəticəsində "Şirvan"la oyunda 1 xal qazana bildik. "Şirvan" komandasına da təşəkkür edirəm, bizi çox gözəl qarşıladılar və görüşün yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaratdılar. Onu da qeyd etmək istərdim ki, əvvəlki oyunlarda bəzi epizodlarda hakim səhvləri də xal itirməyimizə səbəb olmuşdu. Komanda artıq özünə gəlib. Növbəti oyunlarda yüksək motivasiya ilə qələbələr qazanmaq və mövsümü uğurla başa vurmaq istəyirik Artıq "Zəngəzur"la kubok matçına hazırlaşırıq. Bilirsiniz ki, bu cür oyunlarda motivasiya tam başqa cür olur. Biz də bu matça ciddi hazırlaşırıq ki, bacardığımız qədər irəli gedək".

Qeyd edək ki, "Difai" 6 turdan sonra 4 xalla 9-cu yerdə qərarlaşıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər