Futbol bəzən 90 dəqiqəlik yaşıl meydan mübarizəsindən çox daha dərin mənalar kəsb edir. Xüsusilə də Azərbaycan və Türkiyə kimi iki qardaş ölkənin təmsilçiləri üz-üzə gələndə, məsələ sadəcə hesab və ya top fərqi olmur. "Turan Tovuz" - "Fənərbağça" qarşılaşması da tam olaraq bu fəlsəfə ilə, tribunaları dolduran minlərlə azarkeşin coşğusu və dalğalanan iki ölkənin bayraqları altında təşkil olunmuşdu. Lakin təəssüf ki, həmin gecə yaddaşlara dostluq mesajları ilə deyil, yaşanan xaos və peşəkarlıqdan uzaq mənzərə ilə həkk olundu. Meydandakı ilk böhranı Meyson Qrinvud başlatdı. İngiltərəli hücumçunun Roderik Millerə qəsdən zərbə endirməsi birbaşa qırmızı vərəqə ilə nəticələndi. Ardınca Mateo Qenduzinin kəskin etirazları gərginliyi pik həddə çatdırdı; hətta fransalı futbolçunun komandanı meydandan çıxarmağa çalışdığı təəssüratı yarandı. Sonda tərəflərin qarşılıqlı razılığı ilə Qrinvudun yerinə Adnan Fettahoğlu oyuna daxil oldu və İstanbul təmsilçisi mübarizəni 11 nəfərlə tamamladı. Gərginlik təkcə meydandakı mübarizə ilə məhdudlaşmadı. Deyilənə görə, "Fənərbağça"nın prezidenti Əziz Yıldırım qırmızı vərəqə epizoduna və yaşananlara sərt etiraz edərək "Turan Tovuz"un prezidenti Ehtiram Quliyevə narazılığını bildirib və VIP zonanı tərk edib. Hətta bu faktın özü belə, dostluq oyununun necə gözlənilməz və arzuolunmaz bir məcraya yönəldiyinin aydın göstəricisidir. Matç bitdikdən sonra isə mənzərə daha da acınacaqlı hal aldı. "Fənərbağça"nın baş məşqçisi İsmayıl Kartal mətbuat konfransına qatılmadı. Miks-zonada öz peşəkar vəzifəsini yerinə yetirmək üçün saatlarla gözləyən onlarca jurnalist – o cümlədən mən, qonaq komandanın qəribə qadağası ilə üzləşdik. "Fənərbağça" rəhbərliyi və nümayəndələri miks-zonadakı media mənsublarının sıxlığından və çoxluğundan narahatlıq keçirərək futbolçularının jurnalistlərə açıqlama verməsinə qəti şəkildə icazə vermədilər. Media sıxlığını bəhanə edən İstanbul təmsilçisi, futbolçularını mətbuatdan təcrid edərək zonadan sürətlə uzaqlaşdırdı. Burada artıq söhbət futbolçunun adından, qırmızı vərəqədən və ya matçın nəticəsindən getmir. "Dostluq qarşılaşması" titulu daşıyan bir oyunda rəqibə, azarkeşə və mətbuata göstərilən münasibət həmin dostluğun əsl mahiyyətini ortaya qoyur. Tribunalarda dalğalanan bayraqların coşğusuna kölgə salan yeganə şey – böyük klub adına yaraşmayan bu cılız addımlar oldu. Kamil Xudiyev
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev