Çexiya millisinin sabiq futbolçusu Milan Fukal "Viktoriya"nın səfərdə qolsuz heç-heçə etdiyi "Qarabağ"ı evdə üstələyərək (2:1) UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışıb.
Fanat.Az-ın məlumatına görə, veteran müdafiəçi fikirlərini yerli mətbuata bölüşüb:
"Viktoriya"nın pley-offdakı rəqibini keçəcəyini gözləmirdim. Bu məqam qələbəni daha da gözəlləşdirir. Bu komandanı çoxdan bəyənirəm, "Viktoriya"nın sərgilədiyi futbolun başı və ayağı var. Əvvəlki matçlarına baxanda komandanın Avropa Liqasının qrupuna düşəcəyinə ümid edirdim. Amma sonda Çempionlar Liqasına vəsiqə qazandılar. Bu, bütün Çexiya futbolu üçün əla göstəricidir.
"Viktoriya" hesabda geri düşməsinə baxmayaraq, böyük döyüş ruhu nümayiş etdirdi. "Komanda baş verə biləcək ən çətin vəziyyətlə üzləşdi. Amma uşaqlar bacardılar. Çempionlar Liqasında böyük matçlar komandanı daha da gücləndirəcək".