Həvəskarlar arasında Azərbaycan çempionatının final matçı keçirilib. Fanat.az xəbər verir ki, "Binə" və Sabirabadın “Çağırğan” komandaları arasındakı qarşılaşmada meydandakı futboldan çox, dava-dalaşla diqqəti çəkib.
"Şəfa" stadionunda keçirilən oyunda baş hakim Fariz Yusifov “Binə”nin futbolçusuna qırmızı vərəqə göstərib. Azlıqda qalmasına baxmayaraq, binəlilər 2:2-lik nəticəni qoruyub oyunu əlavə vaxta apara bilib. Öncə Sabirabad klubu 3-cü qolu vurub. İkinci əlavə vaxtda qonaqlar 4-cü qolu rəqib qapısından keçirib.
Bundan sonra isə ara qarışıb. Öncə “Binə”nin 55 nömrəli futbolçusu başla rəqib futbolçuya zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq, meydançadan qovulub və komandasını 9 nəfərlə qoyub. Bundan sonra meydançaya axışan binəli azarkeşlər Sabirabad futbolçularının üstünə hücum çəkib onları döyməyə başlayıb. Futbolçularının döyüldüyünü görən sabirabadlı azarkeşlər də meydançaya daxil olub. Nəticədə meydanda yumruq davası düşüb. Asayişi qoruyan azsaylı polislər isə dava-dalaşı yatırmaqda gücsüz olunca, köməyə “Şəfa” stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları gəlib. Yalnız bundan sonar aranı sakitləşdirib azarkeşləri və futbolçuları meydançadan çıxartmaq mümkün olub.
Fanat.az