Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində “Qarabağ” bu gün səfərdə "Çelsi"ylə üz-üzə gələcək. Fanat.Az xəbər verir ki, matç ərəfəsində londonluların müdafiəçisi David Luis şərəfini qoruduğu klubun rəsmi saytına açıqlama verib:
“Stemford Bric”dəki oyunlar bizim üçün həmişə xüsusi önəm daşıyıb. Söhbət avrokubok oyunundan gedirsə, deməli, ikiqat əhəmiyyətlidi. Ötən il qitənin ən nüfuzlu turnirində oynamadıq. Bu matçı səbirsizliklə gözləyirdik. Avropa səhnəsində olmaq həmişə xoşdu. Çünki fərqli ölkələrin komandalarına qarşı oynayırsan, yüksək səviyyəli qarşılaşmalarda top qovursan. Rəqiblərimizin heyətində də fantastik futbolçular var. Bir gün mən də karyeramı bitirəcəm. Futboldan yalnız xatirələr qalacaq. Buna görə də, mümkün qədər çox oyun keçirmək istəyirəm. Futbolda əsas böyük matçların iştirakçısı olmaqdı. Nə qədər belə oyun keçirsəm, bir o qədər yaxşıdı”.
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Fanat.Az