"Qarabağ"ın 900 min avroluq yeni transferi kimdir? (DOSYE)

"Qarabağ"ın 900 min avroluq yeni transferi kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi, "Qarabağ" Haiti yığmasının üzvü Vild-Donald Geryonu heyətinə qatıb. Türkiyə mətbuatının məlumatına görə, "Alanyaspor"la 2019-cu ilədək müqaviləsi olan yarımmüafiəçi təmsmilçimizlə 3 illik müqavilə imzalayıb. Onun transferinə görə "Qarabağ" türk klubuna müəyyən məbləğ ödəyib. Amma həmin məbləğ açıqlanmır.

Qeyd edək ki, Vild-Donald Geryo 31 mart 1989-cu ildə Haitinin Port-a-Piment şəhərində dünyaya gəlib. Karyerasına yerli "Amerika des Kayes" klubunda başlayan futbolçu 2013-cü ildə Polşa "Visla"sına keçib. Polşa klubunda 77 oyun keçirərək 20 qol vuran Donald 2016-cı ildə "Alanyaspor"a transfer olunub. Super Liqa klubu ona görə "Visla"ya 300 min avro ödəyib.

28 yaşlı yarımmüdafiəçi Super Liqada 24 oyuna çıxaraq 1129 dəqiqə oynayıb. Bunlardan 12-də start heyətində yer alıb. Bu müddətdə 4 qola imza atan Vild-Donald "Antalyaspor", "Trabzonspor", "Adanaspor" və "Qaziantepspor"un qapısına yol tapıb. 6 sarı vərəqə alan yarımmüdafiəçi 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyə Kubokunda bir oyuna çıxıb və 23 dəqiqə oynayıb.

Vild-Donald 2010-cu ildən Haiti yığmasının üzvüdü. Bu müddətdə 41 oyuna çıxaraq 9 qola imza atıb. "Qarabağ"ın yeni üzvü Kuraçao, İspaniya, Barbados, Martiniqe, Çin, Kuba, Qrenada, Kolumbiya və Nikaraqua yığmalarının qapısına yol tapıb. O, son qolunu mayın 25-də Nikaraquaya vurub.

"Transfermarkt" "Qarabağ"ın yeni transferinə 900 min avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər