“Qarabağ” öz meydanında daha yaxşı oynayır. Bizi iki çətin qarşılaşma gözləyir”. Fanat.Az xəbər verir ki, bu sözləri “Kopenhagen”in futbolçusu Peter Ankersen deyib.
Ankersen Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları Azərbaycan təmsilçisi haqda Danimarka klubunun rəsmi saytına danışıb. O, Avstriya "Zalsburq"unun heyətində “Qarabağ”a qarşı top qovduğunu da xatırladıb:
“3 il əvvəl “Zalsburq”un heyətində onlara qarşı oynamışam. Səfərdə 1:2 hesabı ilə uduzmuşduq. Düzdü, həmin matçın böyük hissəsini azlıqda keçirmişdik. Bununla belə, “Qarabağ”ın heyətində rəqibə çətin anlar yaşada bilən futbolçuların olması faktdı”.
27 yaşlı müdafiəçi qrupa düşmək şanslarının çox olduğunu düşünür: “Matça 100 faiz köklənsək, hər bir futbolçumuz ən yaxşı oyununu göstərə bilsə, qrupa düşmək üçün böyük şansımız var. “Qarabağ”ın ev oyunlarında stadionda yaxşı ab-hava olur. İkinci oyunun Danimarkada keçirilməsi bizim üçün müəyyən üstünlükdü. Çünki ilk matçdan sonra komandalar bir-birlərini daha yaxşı tanıyırlar və cavab görüşündə oynamaq bir qədər asan olur. Səfərdə qol vuracağımıza ümid edirəm”.
Qeyd edək ki, “Qarabağ” və “Kopenhagen” arasındakı ilk matç avqustun 15-16-da Bakıda, cavab oyunu isə 1 həftə sonra Kopenhagendə keçiriləcək.
Fanat.Az