UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Çelsi" - "Qarabağ" oyununa təyinatları açıqlayıb. Fanat.Az xəbər verir ki, İngiltərə və Azərbaycan çempionları arasında Londonda baş tutacaq qarşılaşmanı Anastasios Sidiropulosun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
38 yaşlı FIFA referisi "Qarabağ"a yaxşı tanışdı. Belə ki, o, 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Tottenhem" (Azərbaycan) matçın idarə edib. İngilislərin 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada Sidiropulos "Qarabağ"dan Qara Qarayevlə Riçard Almeydaya sarı vərəqə göstərib.
Həmin oyunda Sidiropulosun köməkçisi olmuş Polyxronis Kostaras bu dəfə də eyni funksiyanı yerinə yetirəcək. "Tottenhem"lə oyunun 4-cü hakimi olmuş Lazaros Dimitriadis bu dəfə yan xətt hakimi olacaq. 2 il əvvəl baş tutmuş qarşılaşmada yan xətt hakimi olan Damianos Eftimiadis bu dəfəki qarşılaşmaya 4-cü hakim kimi təyinat alıb.
Sidiropulos 2012-ci ilin 6 sentyabrında "Dalğa Arena"da Azərbaycan və İngiltərənin U-21 milliləri arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda 4-cü hakim olub. Bu qarşılaşmada yığmamız 0:2 hesabı ilə yenilib.
Yunan referi həmçinin 2010/11 mövsümündə Avropa Liqasında Çernoqoriyanın "Buduçnost" klubu ilə "Bakı" arasında Podqoritsada keçirilən oyunda da 4-cü hakim funksiyasını yerinə yetirib. Həmin görüşdə "Bakı" 2:1 hesablı qələbəyə sevinsə də, mərhələ adlaya bilməmişdi. Çünki evdə də eyni hesablı qələbə qazanan komandamız cəza futbolçu oynatdığından 0:3 hesablı texniki məğlubiyyət almışdı.
38 yaşlı Sidiropulos 2011-ci ildən FIFA referisidi. O, Avropa çempionatının final, Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinin oyunlarına təyinat alır. Yunan referi beynəlxalq arenada son olaraq Çempionlar Liqasının "pley-off" mərhələsinin ÇSKA (Rusiya) - "Yanq Boyz" (İsveçrə) və "DÇ-2018"in seçmə mərhələsinin Hollandiya - Bolqarıstan matçlarını idarə edib.
"Qarabağ"ın oyununu idarə edəcək hakim sərtliyi ilə seçilir. İdarə etdiyi son 10 rəsmi oyunda 55 sarı, 5 qırmızı vərəqə göstərib.
Fanat.Az