“Şahin Diniyev meydana hazırlıqlı futbolçunu buraxır. Yəqin ki, əvvəllər tam hazır olmadığım üçün kənarda qalmışam. Mənə bəslənən ümidləri doğrultmağa, məşqçinin hər dediyi göstərişə əməl etməyə çalışıram”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Orxan Əliyev deyib.
Qış “transfer pəncərəsi” dövründə “Kəpəz”ə cəlb olunan Əliyev artıq adaptasiya dövrünü geridə qoyaraq komandaya tam uyğunlaşıb. Turdan-tura əvəzedici heyətdə formasını bərpa edən gənc futbolçu indi əsas heyətin üzvlərindəndi.
Klubun rəsmi saytına danışan Əliyev hər matçda etimadları doğrultmağa çalışdığını deyib: “Şahin müəllim mənə dəstək verir, yol göstərir. Oyundan-oyuna daha yaxşı oynamağımı istəyir. Belə davam etsəm, düşünürəm ki, mənim üçün yaxşı olacaq. Futbola yeni başlayanda sağ və sol cinahlarda mübarizə aparırdım. Sonradan mərkəzə çəkdilər, hücumda oynadım. Mənim üçün harada oynamağımın fərqi yoxdu. Hər iki mövqe rahat olmaqla oynadığım futbola uyğundur”.
Orxan Əliyev komandasının aprelin 16-da Gəncədə çempionatın XXX turunda “İnter” ilə keçirəcəyi oyun haqda da danışıb: “Əhval-ruhiyyəmiz yaxşıdı, məşqlərə və qarşıdakı oyuna ciddi yanaşırıq. Fikrimiz qələbə qazanmaqdı. Çünki evdə bizi başqa nəticə qane etmir”.
Fanat.az