"Kəpəz"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Gəncə təmsilçisi bu mərhələdə Moldovanın “Daçiya” klubu ilə qarşılaşacaq.
"Daçiya" 1999-cu ildə yaradılıb. Komanda ev oyunlarını 10 min 500 tamaşaçı tutumuna malik “Zimbru” stadionunda keçirir.
"Daçiya" 2001/02 mövsümündə güclülər dəstəsinə vəsiqə qazanıb. 2010/11 mövsümündə ilk və hələlik sonuncu dəfə ölkə çempionu olan komanda 6 dəfə gümüş, bir dəfə medallara sahib çıxıb. "Kəpəz"in rəqibi 4 dəfə Moldova Kubokunu, bir dəfə ölkə Super Kubokunu qazanıb.
"Daçiya"nın indiyədək avrokuboklarda Azərbaycan klubları ilə yolları kəsişib. Belə ki, 2007-ci ildə UEFA İntertoto Kubokunun ilk mərhələsində "Bakı" ilə qarşılaşan moldovalılar penalti seriyası nəticəsində mərhələ adlayıb. Hər iki oyun 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib.
Cəmi 1 dəfə Çempionlar Liqasında iştirak hüququ qazanan “Daçiya” 2011/12 mövsümünün II mərhələsində “Zestafoni”yə boyun əyib. Bu komanda Avropa Liqasına isə 7 dəfə qatılıb. Kişinyov təmsilçisi ən yaxşı halda 1 mərhələ (4 dəfə) adlamağa müvəffəq olub. Ötən mövsüm Avroliqanın I mərhələsində “Renova”dan (Makedoniya) güclü olan (4:1, 1:0) “Daçiya” II mərhələdə Slovakiya “Julina”sına (1:2, 2:4) yenilib.
Rusiyalı Adlan Şişkanovun sahibi olduğu “Daçiya”nın prezidenti yerli Zinaida Jioredi. Komandanın baş məşqçisi isə Ukrayna əsilli Oleq Bejenardı. 45 yaşlı mütəxəssis ötən ildən “Daçiya”nın “sükanı” arxasındadı.
“Daçiya”nın heyətində 7 milli üzvü var. Belə ki, Artyom Qaydukeviç, Simeon Bulqaru, Vyaçeslav Posmaç, Yejeniu Koçuk və Vitali Bordian Moldova, Sapol Mani ilə Abdul Mamah isə Toqo yığmalarına dəvət alırlar. Denis Kozanov Ukrayna yığmasının sabiq üzvüdü. Bundan başqa, Jiri Jeslinek Çexiyanın, Maksim Feşçuk isə Ukraynanın U-21 millisində çıxış edib.
“Daçiya”nın Ukraynadan 6, Toqodan 2, Makedoniya, Rusiya və Çexiyadan bir legioneri var.
Qapıçılar: Artyom Qayduçeviç, Dorian Raylean.
Müdafiəçilər: Petru Kostin, Simeon Bulqaru, Vyaçeslav Posmats, Mecit Neziri, Vitali Bordian, Maksim Koyoçaru, Vladimir Zastavni, Abdul-Qafar Mamah, Andrey Slinkin.
Yarımmüdafiəçilər: Yevgeni Lozovi, Aleksandru Beyan, Ruslan Şauvxalov, Andrey Bursuç, Sapol Mani, Yevgeni Kokiuç, Maksyim Havrilenko, Rinar Valeyev.
Hücumçular: Dumitri Popesku, Maksim Feşçuk, Denis Kozanov, Jiri Jeslinek.
Fanat.az