Müqəddəs Atəşgah məbədində alovlandırılan “Bakı-2015” I Avropa Oyunlarının məşəli mayın 30-da Qobustana gətirilib. Fanat.az AzərTAc-a istinadən xəbər verir ki, verir ki, qobustanlılar Avropa Oyunlarının məşəlini böyük sevinclə qarşılayıb. Şəhərin Heydər Əliyev prospektində mədəniyyət evinin qarşısında qurulan və ətrafında minlərlə insanın toplaşdığı rəmzi qapıda I Avropa Oyunlarının məşəlini məşqçi-müəllim Fərid Əzizov qəbul edib.
Sonra 10 nəfər məşəlçi sürəkli alqışlarla yürüşə başlayıb. Onlar yol boyu növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2,5 kilometr məsafə qət etməklə şəhərin bayraq meydanında qurulan səhnəyə gəliblər. Karatenin tiroksin-kaymay növü üzrə üçqat respublika çempionu İbad Rzazadə səhnəyə qalxaraq burada qurulan məşəli alovlandırıb. Əlaçı şagird, Heydər Əliyev inşa yazı müsabiqəsinin respublika turunun qalibi Gülər Cavadovanın qəbul etdiyi ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Qobustan şəhərinə təhvil verilib.
Sonra aprelin 26-da Atəşgah məbədində ilk Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Sonda musiqiçilərin ifasında konsert proqramı təqdim olunub.
* * * *
Bu gün həmçinin qədim tarixə malik, zəngin flora və faunası, ecazkar və sirli abidələri ilə cəlbedici olan Şamaxıda da Alov festivalı keçirilib. 3000 il yaşı olan bu qədim diyar möhtəşəm idman bayramını böyük təntənə ilə qarşılayıb. Şəhərin küçə və parkları, meydanları, xüsusən I Avropa Oyunları məşəlinin keçəcəyi ərazilər bayramsayağı bəzədilib.
Saat 19.30-da məşəl Şamaxıya çatıb. Şəhərin Heydər Əliyev parkının qarşısında, Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəli poverliftinq idman növü üzrə 3 dəfə Avropa və dünya çempionu Elvin Eynalov qəbul edib.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlayıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospektinə, oradan isə S.Ə.Şirvani küçəsinə keçərək 2,81 kilometr məsafə qət edib, avtovağzal dairəsində qurulan səhnənin qarşısına gəliblər. Poverliftinq idman növü üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Səmədzadə minlərlə insanın sürəkli alqışları altında səhnəyə qalxaraq məşəli alovlandırıb.
Yeniyetmələr arasında ağır atletika üzrə respublika turnirlərinin qalibi Elmir Sadıqov ilk Avropa Oyunlarının rəmzi çırağını yandırdı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Müqəddəs Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx təqdim olunub. Alov festivalı, respublikanın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin ifasında bayram konserti şamaxılıların sevincini daha da artırıb.
Fanat.az