Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. Bu mərhələyə vəsiqə qazanan ilk Azərbaycan klubu olan "Qarabağ" doğma meydanda Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək.
Oyuna maraq həddən artıq böyükdür. Bunun nəticəsidir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletləri çoxdan satılıb qurtarıb.
"Qarabağ"ın oyunu bütün təbəqələrinin marağına səbəb olub. Bunu sosial mediada yazılan şərhlərdən, statuslardan da görmək mümkündür.
Bəs yazarlarımız və idman jurnalistlərimiz "Qarabağ"dan nə gözləyir? Bu sualla onlara müraciət etdik.
Yazar İkinci Mahmud: "Söhbətin nədən getdiyini bilmirəm. Söhbət "Qarabağ" futbol kulubundan və futboldan gedirsə, deyim ki, futbolla maraqlanmıram. "Qarabağ" kulubunun da qələbəsi və ya məğlubiyyəti məndə heç bir emosiya oyatmır. Bütün azarkeşlərə və futbolçulara uğurlar arzu edirəm".
Jurnalist Ceyhun Rzayev: "Oyuna getməyəcəm. Çünki işdə olmalıyam. Hətta getmək imkanım olsa belə, getməyəcəkdim. Ötənilki "Viktoriya" matçında bərk sarsıntı keçirtdim, günlərlə özümə gəlmədim. O vaxtdan klublarımızın Bakıdakı beynəlxalq oyunlarını televiziyadan izləyirəm. Hesaba gəlincə, "Qarabağ"ın qalib gələcəyini düşünürəm - 2:0 və ya 2:1".
Gənc şair Aqşin Evrən: "Çox güman ki, gedəcəm. Məncə, 1:1 olacaq"
Jurnalist Vüsal Məmmədov: "Kollektiv şəkildə getmək istəyirdik, amma bilet tapa bilmədik. Ona görə də, qərara aldıq ki, bir yaxşı pub tapıb, pivə içə-içə baxaq. Hazırda münasib yer axtarırıq. Ürəkdən inanıram ki, "Qarabağ"ımız ən azı uduzmayacaq".
Şair Cəlil Cavanşir: "Təəssüf ki, "Qarabağ"ın oyununa gedə bilməyəcəm. Çünki o səs-küy, izdiham mənim üçün deyil. Oyunu evdə, ya da hansısa sakit bir məkanda televizordan izləyəcəm. Hesabla bağlı ən ümidverici təxminim 2:0 və ya 2:1 "Qarabağ"ın xeyrinədir. Hər halda, qələbə arzusundayam və komandamıza uğurlar arzulayıram".
Jurnalist Əli Sahib: "Oyunda təbii ki, iştirak edəcəm. Rəqib Danimarkanın komandasıdır və çox güclüdür. Amma düşünürəm ki, sonda sevinən tərəf biz olacağıq".
Şair Emin Piri: "Azarkeşlik etdiyim komandaların oyununa stadionda baxa bilmirəm. Ola bilsin həyəcanla bağlıdı. Yerimdə qala bilmirəm, gərək oyun gedə-gedə stadionda gəzişim. Ona görə də tək baxacam. Hesab 2:1, 1:1 və ya 0:0 olacaq. Məncə, "Qarabağ" məğlub olmayacaq".
Jurnalist Elçin Cəlilov: "Təbii ki, oyuna gedəcəm. Fikrimcə, "Qarabağ" 2:1 hesablı qələbə qazanacaq"
Gənc yazıçı Ayxan Ayvaz: "Təəssüf ki, gedə bilməyəcəm. Futbolun elə də həvəskarı deyiləm. Amma futbolu bir sənət kimi sevirəm. Məncə, yaxşı oynanılan futbol idman deyil, sənətdir. "Qarabağ"dan sənət əsəri kimi oyun gözləyirəm. Hesabın önəmi yoxdur. Əsas qələbə olsun. Heç olmasa "Qarabağ" adının qarşısında qələbə yazıldığını görək".
Jurnalist Kənan Məstəliyev: "Oyuna gedəcəm. "Qarabağ"ın 3:1 hesablı qələbəsini proqnozlaşdırıram"
Jurnalist Rəşad Ergün: "Yox, artıq uzun zamandı avrokubok oyunlarını TV-dən izləyirəm. Mənə o cür izləmək daha rahatdı. Hesaba gəlincə, düşünürəm ki, ya qolsuz heç-heçə olacaq, ya da "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanacaq".
Şair Oğuz Ayvaz: "Oyuna bilet tapa bilmədim, çox güman stadion tamamilə dolacaq. Matçı evdə yox kafedə izləyəcəm. Hesabı bilsəydim "Topaz"da variant yazardım. Əgər bukmeker oyuna müdaxilə etməsə, "Qarabağ" qələbə qazanacaq".
Mənbə: Qaynarinfo.Az