"Qarabağ"ın yeni transferi İbrahima Vadji sabiq klubu "Hauqesund"dan olan komanda yoldaşları və norveçli azarkeşlərlə vidalaşıb. Fanat.Az xəbər verir ki, seneqallı hücumçu "İnstagram"dakı hesabından paylaşım edib: "Son bir neçə gündə olduqca duyğulanmışam. "Hauqesun"da üç ildən çox oldum, amma vidalaşmağın vaxtı gəlib çatdı. Buraya gəldiyim ilk gündən özümü evdəki kimi hiss edirdim. Mənim üçün etdikləri hər şeyə görə bütün klub rəhbərliyinə və məşqçilərə təşəkkür etmək istəyirəm. Həmişə mənə inandınız və hər zaman, hətta çətin anlarda da dəstək oldunuz. Mənə hər zaman sevginizi göstərmisiniz və bunu heç vaxt unutmayacağam.
Sevgi və dəstəyə görə azarkeşlərə və əlbəttə ki, bu günə qədər birlikdə keçirdiyimiz bütün fantastik anlar üçün komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm.
O cümlədən agentim Sedrik Mazaya minnətdaram, onsuz heç bir şey mümkün olmayacaqdı.
Karyeramda yeni bir dövr başlayır, amma "Hauqesun"u həmişə ürəyimdə saxlayacağam. Mən sizi sevirəm".
Qeyd edək ki, "Qarabağ" dünən İbrahima Vadji ilə üç illik müqavilə imzalayıb.