"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sportinq"in sabiq prezidenti Bruno de Karvalyo futbolçunu oğurlatdırmaqda günahlandırılır.
Fanat.Az xəbər verir ki, futbolçu Brumanın "Sportinq"dən "Qalatasaray"a transfer olunmazdan öncə Portuqaliya klubunun prezidenti Bruno de Karvalyo tərəfindən oğurlatdırıldığı iddia olunub.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun meneceri Katio Balde açıqlama verib. Onun sözlərinə görə, klub rəhbəri bu barədə "Sportinq"in azarkeş qrupu "Juve Leo"nun (Gənc Aslanlar) üzvlərinə tapşırıq verib. Bruma azarkeşlər tərəfindən qaçırılıb və bir müddət girov saxlanılıb.
Menecer bildirib ki, futbolçu müqaviləsini pozaraq "Sportinq"dən ayrılacağını açıqlayandan sonra Bruno de Karvalyo belə bir tapşırıq verib: "2013-cü ildə "Juve Leo"nun bəzi üzvləri silahlanaraq Brumanın qaldığı otelə gəlib. Onu zorla maşına mindirərək "Bruno de Karvalyo səninlə görüşmək istəyir" deyiblər. Daha sonra futbolçunu Massama adlı kiçik bir qəsəbəyə aparıblar. Burda onu qərarını dəyişməyə məcbur ediblər. Daha sonra isə sərbəst buraxıblar".
Bu hadisədən sonra Brumanın təhlükəsizliyinin təhlükəyə düşdüyünü və futbolçunu Portuqaliyadan çıxardıqlarını bildirən Balde "Onu Dubaya göndərdik. Orda 3 həftə qaldı" deyib.
Daha sonra Bruno de Karvalyo ilə görüşən menecer onunla razılığa gəlib: "Onu futbolçunu "Qalatasaray"a satmağa razı sala bildim və Bruma Türkiyəyə transfer olundu".
Balde bildirib ki, Bruno de Karvalyo Brumanı qorxutmaq üçün qaçırdığını etiraf edib.
Qeyd edək ki, Bruno de Karvalyo barəsində başlayan cinayət işinə görə bir müddət əvvəl "Sportinq"dən istefa verib. O, bu ilin may ayında azarkeşlərin klub bazasına hücumunu təşkil etməkdə günahlandırılır.
Onu da qeyd edək ki, Bruma 2013-cü ilin yayında "Sportinq"dən "Qalatasaray"a 13 milyon avroya transfer olunub. İstanbul klubu ötən ilin yayında onu 13,25 milyon avroya "Leyspiq"ə satıb.
Fanat.Az