"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Arsenal" Dortmund "Borussiya"sından daha bir futbolçu transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, bundan əvvəl Almaniya klubundan Pyer-Emerik Aubameyanq və Sokratis Papastatopulosu transfer edən London təmsilçisi bu dəfə Julian Veyqlə elçi düşüb.
Baş məşqçi Unai Emeri 23 yaşlı yarımmüdafiəçinin qışda alınmasını istəyir. Amma 2012-ci ildən sonra ilk dəfə çempionluğa bu qədər yaxın olan "Borussiya"nın dövrələrarası fasilədə önəmli futbolçularından birini satması mümkün görünmür. "Arsenal" bu transferi qışda həyata keçirə bilməsə, yayda reallaşdırmağa çalışacaq. İddialara görə, "topçular" gənx futbolçu üçün 68 milyon funt-sterlinq (76,8 milyon avro) təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Julian Veyql "Borussiya"ya 2015-ci ildə "1860 Münhen"dən 2,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 25 milyon avro qiymət qoyub. 23 yaşlı alman futbolçu cari mövsümdə keçirdiyi 7 oyunda 1 qol vurub.
Fanat.Az