"Qarabağ"ın rəqibi Avropa Liqasında legionerlərini oynada bilməyəcək 

"Qarabağ"ın rəqibi Avropa Liqasında legionerlərini oynada bilməyəcək 

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti iki oyununu "Olimpiakos"a qarşı keçirəcək.

Bu ərəfədə isə Yunanıstan klubunda qeyri-müəyyənlikdir. Belə ki, Pirey təmsilçisi ötən gün baş məşqçisi Karlos Korberanı istefaya göndərdiyini açıqlayıb. Loran Blan başda olmaqla, bir neçə tanınmış mütəxəssisin adı vakant posta namizəd göstərilir. Digər tərəfdən, "qırmızı-ağlar" ara vermədən önəmli transferlər həyata keçirir. “Olimpiakos” sentyabrda Xames Rodriges və Marselo kimi tanınmış futbolçuları, həmçinin "Olimpik Marsel"in hücumçusu Sedrik Bakambunu, "Hoffenhaym"ın yarımmüdafiəçisi Diadi Samassekunu heyətinə qatıb. Ancaq...

Fanat.Az-ın araşdırmasına görə, Yunanıstan klubu bu futbolçuların heç də hamısını "Qarabağ"a qarşı oynada bilməyəcək. 

Konkret, yalnız "qırmızı-ağlar"la azad agent kimi anlaşan Marselo AL-in qrup mərhələsində “köhlən atlar”la oyunlarda iştirak edə biləcək. Braziliya millisinin və "Real”ın (Madrid) sabiq müdafiəçisi Avropa Liqasının qrup mərhələsinin matçları üçün sifariş edilib.

Digərləri isə AL-in iştirak ərizəsində yoxdur. Düzdür, Yunanıstanda transfer pəncərəsi sentyabrın 15-də başa çatıb. Marselo istisna olmaqla, digər yeni transferlər bugünlərdə elan olunub. Ancaq bu heç nəyi dəyişmir. Çünki AL üçün sifariş müddəti üçün sonuncu gün 2 sentyabrdır. Bu o deməkdir ki, Xames Rodriges, Sedrik Bakambu və Diadi Samasseku yalnız Yunanıstan Super Liqasında komandaya kömək edə bilərlər. Yaxud "Olimpiakos" qrup mərhələsindən çıxaraq növbəti mərhələyə adlasa, o zaman həmin oyunçuların adları siyahıya əlavə edilə bilər. Çünki reqlamentə görə qrup mərhələsi başa çatdıqdan sonra klublar iştirak ərizəsinə daha 3 yeni futbolçu əlavə edə bilər.  

Xatırladaq ki, "Qarabağ"la "Olimpiakos"un ilk oyunu oktyabrın 6-da Pireydə, cavab matçı oktyabrın 13-də Bakıda keçiriləcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər