Çempionlar Liqasının "Qarabağ" - "Roma" oyunu portuqaliyalı hakimlərə tapşırılıb. Fanat.Az xəbər verir ki, qarşılaşmanın baş hakimi Artur Dias Azərbaycan futbolu üçün tanış simadı.
FIFA referisi U-19 millimizin iştirakı ilə keçirilən oyunu idarə edib. Belə ki, 2011-ci ilin 11 oktyabrında İsvedə keçirilən Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan (U-19) - İtaliya (U-19) oyununda ədaləti qoruyub. Həmin matçda millimiz 1:2 hesabı ilə yenilib. Artur Dias yığmamızdan hazırda "İnter"də çıxış edən qapıçı Orxan Sadıqlını 11-ci dəqiqədə meydandan qovub və qapımıza penalti təyin edib. Topa yaxınlaşan Valerio Verrenin zərbəsi dəqiq olub. Referi 65-ci dəqiqədə rəqib qapıçının kobudluğuna görə İtaliyanın qapısına penalti təyin edib və Rəhman Hacıyev fərqlənib. Artur Dias bu oyunda millimizin üzvlərindən Fuad Bayramova, Müşfiq Teymurova və Nurlan Novruzova sarı vərəqə göstərib.
Fanat.Az