Dünən Azərbaycan və Cəbəllütariq U-21 yığmaları qarşılaşıb. Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda 3 xalı 3 cavabsız qolla əldə edib.
Millimizin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb U-21-in başa çatan tsikl ilə bağlı nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Milli komandamızı həm son oyundakı qələbə münasibətilə, həm də yeni göstəriciyə görə təbrik edirəm. U-21 millimizin əvvəlki göstəricisi 9 xal idisə, bu il 10 xal toplayaraq yeni bir xal rekorduna imza atdılar. Ümumiyyətlə, son dövrlərdə U-21 yığmamızda yaxşıya doğru inkişaf hiss olunur. Bir neçə oyunçunun A milli komandasına dəvət alması, hətta Ayxan Abbasovun bir neçə futbolçunu əsas heyətdə oynatması da buna sübutdur. İndiki U-21 millimizə baxsaq, perspektivli və yaxşı futbolçularımızın olduğunu görərik. Onlardan 4-5 nəfər artıq yaxın gələcəkdə A millimizə qoşula bilər. Proses yaxşıya doğru gedir. Vacibdir ki, bu futbolçular klublarında daha çox oyun şansı qazansınlar. Bu da futbolçuların özündən asılıdır. Hər bir futbolçu özünə fərdi şəkildə peşəkar yanaşsa, həm klubunun əsas heyət oyunçusuna çevrilər, həm də U-21-də beynəlxalq səviyyədə təcrübə toplayaraq yaxın gələcəkdə A millimizə qoşula bilər. Düşünürəm ki, yaxşıya doğru irəliləyiş və ümidverici cəhətlər var. Sadəcə olaraq, peşəkarlığı artırmaq üçün düşüncə tərzimizi və özümüzə yanaşmamızı bir qədər dəyişməliyik".