“Büdcəmiz azaldılmayıb. Sabit olaraq qalıb. Amma siz dediyiniz 1 milyon manat yalnız komandaya ayrılsaydı, daha çox işlər görmək olardı”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Kəpəz”in çalışdırıcısı Şahin Diniyev deyib.
Diniyev maaşların da gecikmədiyini vurğulayıb: “Mənə inanmırsızsa, zən edib futbolçulardan da soruşa bilərsiz. Hamısı maaşlarını vaxtında alır. Yəni 3 ay, 5 ay gecikmələrlə bağlı yazılanlar həqiqəti əks etdirmir. Bizim geniş heyətlə oynamaq, hər mövqeyə bir neçə güclü oyunçu gətirmək imkanımız yoxdu. Ona görə də 2-3 oyunçunun eyni vaxtda cəzalı və ya zədəli olması oyunumuza təsir edir”.
Mütəxəssis bu mövsümün sonunda “Kəpəz”in yox, “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanacağıyla bağlı verilən proqnozlara da toxunub: “Fasiləni Bakıda keçirəcəyik. Yanvarın 10-da komanda bir araya gələcək. Bəzi oyunlarda nəticə olaraq istəyimizə çatmasaq da, hədəflərimiz dəyişməyib. Hardasa bəxtimiz gətirmədi, hardasa həlledici məqamda düzgün oynamadıq. Ancaq ümumi götürəndə, komandanın yaxşı təsir bağışladığını deməliyəm. Qış fasiləsindən sonra daha yaxşı “Kəpəz” görəcəksiz. Avrokuboklara qatılmaq arzusundan əl çəkdiyimizi düşünməyin”.
Şahin bəy yeni transferlərin gündəmdə olmadığını gizlətməyib: “Mən də oyunçu almaq, bir qədər heyəti gücləndirmək istəyərdim. Lakin real yanaşsaq, olanlarla kifayətlənməliyəm. Bu gün üçün hər hansı transfer nəzərdə tutulmayıb”.
Fanat.Az