İndi bütün futbol dünyası Moldova "Şerif"inin Çempionlar Liqasında Madrid "Real"ı üzərində qazandığı sensasiyalı qələbədən danışır.
Fanat.Az xəbər verir ki, xarici ölkə mediası Moldovanın Tiraspol şəhərini təmsil edən klubu müzakirə edir.
Belə desək, "Şerif" bu Çempionlar Liqasının əsas sensasiyasıdır. Moldovalılar yaydan etibarən özündən söz etdirir. Yuri Vernidubun rəhbərlik etdiyi kollekriv Albaniya "Teuta"sını, Ermənistan "Alaşkert"ini, "Srvena Zvezda" və "Dinamo Zaqreb" kimi adlı-sanlı komandaları məğlub edərək, tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəldi. Ancaq göründüyü kimi, bu, başlanğıc imiş. İlk turda Donetsk "Şaxtyor"unu (2:0) məğlub edən "Şerif" ötən gecə "Real Madrid"i şoka salıb - 2:1. Moldova komandası hazırkı Çempionlar Liqasında seçmə mərhələni də nəzərə alsaq, keçirdiyi 10 matçda məğlub olmayıb - 8 qələbə və iki heç -heçə. 1997-ci ildə qurulan və Moldova tarixinin ən titullu klubu olan (on doqquz dəfə Moldova çempionu, on dəfə ölkə kubokunun qalibi, yeddi dəfə Superkubokun qalibi) "Şerif"in büdcəsi hazırda təxminən 5-6 milyon avrodur. Müqayisə üçün: kral klubuna bu mövsüm üçün 617 milyon avro ayrılıb. "Şerif"in ən bahalı oyunçusu kolumbiyalı hücumçu Frank Kastaneda transfer bazarında bir milyon avro dəyərində qiymətləndirilir. Moldova təmsilçisində hətta dəyəri 50 min avro dəyərində olan oyunçular da var. "Real Madrid" üzərində qələbə ilə "Şerif" 2,8 milyon avro qazanıb. Ümumilikdə bu mövsüm Çempionlar Liqasında 22 milyondan çox gəlir əldə edib. Bu, "Şerif"in demək olar ki, dörd illik büdcəsidir. "Şerif"in bütün böyük və tarixi qələbələrinə 55 yaşlı ukraynalı mütəxəssis Yuri Vernidub rəhbərlik edir. Onun oğlu Vitali Vernidub isə vaxtilə ölkəmizdə, "Qəbələ"də çıxış edib. Onu da əlavə edək ki, "Şerif"lə yaxın keçmişdə 3 dəfə qarşılaşan "Qarabağ" bütün duellərdə moldovalıları üstələyib - 1:0, 3:0, 2:1. Qeyd edək ki, "Şerif" növbəti Çempionlar Liqası oyununu oktyabrın 19 -da İtaliya "İnter"i ilə səfərdə keçirəcək. Mirağa