"Kəpəz” rəhbərliyinin səhlənkarlığı klub azarkeşlərinin üzüntüsünə səbəb olacaq. Çünki onların sevimlisi olan Dario Federikonun bu gün "Neftçi”yə qarşı oynamaq ehtimalı azdı.
Bir aya yaxındı klubun düşərgəsində olan Darionun transferi bugünədək yoluna qoyulmayıb. Gəncəlilər sənədləşmə işlərinə başısoyuq yanaşıblar və indi bəlli olur ki, futbolçunun transfer vərəqi hələ də gəlməyib. Cənubi Koreyanın "Seonqnam” klubundan ayrılan futbolçunun "Kəpəz”ə gəlməsinə icazə verən sənəd mərkəzləşdirilmiş beynəlxalq sistemə (TMS) düzgün oturdulmayıb və bu da Darionun "Neftçi” ilə matçda oynamasına əngəldi.
Bu gün səhərə kimi problem yoluna qoyulmamışdı və gəncəlilər bakılılarla matça kimi ümidlə gözləyəcəklər. Federiko yenilənmiş heyətdə açar oyunçulardan olduğundan, onun yoxluğu baş məşqçi Yunis Hüseynovu çətin vəziyyətdə qoyub.
Xatırladaq ki, Dario karyerası ərzində 5 klubda oynasa da, ən yaxşı göstəricisi "Kəpəz”dəki vaxtlarına təsadüf edir. Şahin Diniyevin kəşfi olan braziliyalı burada 34 oyuna 7 qol vurub. Cənubi Koreyada zədə üzündən heyət üzü görməyən futbolçu elə karyerası ərzində ümumilikdə 128 matçda 18 dəfə fərqlənib. (futbolinfo.az)
Fanat.Az