Türkiyənin Ərzurum şəhərində iyulun 17-dən hazırlıq prosesi keçən “Kəpəz” son yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, Gəncə klubu Türkiyə çempionatının 2-ci liqasında çıxış edən “Kocaeli Birlikspor”la qarşılaşıb.
Ərzurum Böyükşəhər Bələdiyyəsinə məxsus arenada keçirilən oyunu yerli hakimlər briqadası idarə edib. Matç "Kəpəz"in qələbəsi ilə yekunlaşıb - 2:1.
Gəncə klubunun qolları ilk yarıya təsadüf edib. Əvvəlcə Juninyo - Tural Rzayev kombinasiyasını baxışda olan Aleksandr Sitnik məhsuldar zərbə ilə tamamlayıb. Az sonra isə Rzayev Juninyonun ötürməsi ilə fərqlənib. Kocaeli təmsilçisinin gücü ikinci hissədə yalnız hesab arasındakı fərqi azaltmağa çatıb.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Türkiyədə "1461 Trabzon"u yenmiş (1:0), Gürcüstanın "Şukura" klubu ilə "sülh" bağlamışdı (1:1).
Fanat.az