Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən, Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olması səbəbindən region təmsilçisi "Kəpəz" qeyri-müəyyən müddətə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirmək məcburiyyətindədir.
"Kəpəz"in 28 yaşlı yarımmüdafiəçisi Tural Rzayev Fanat.Az-a açıqlamasında hazırki vəziyyətin kluba necə təsir etdiyi barədə danışıb:
"Təbii ki, ev oyununu keçirmək üçün Gəncədən bu qədər məsafə qət etmək çətindir. Bu, azarkeş baxımından da yan təsirini göstərir. Bildiyiniz kimi, "Kəpəz" böyük azarkeş ordusuna malikdir. Yerli əhalinin boyük əksəriyyəti komandanı canlı olaraq dəstəkləyə bilmir. Yalnız az sayda azarkeş komandanın yanında olur. Yerli azarkeşlərin ev oyunlarında yanımızada olması bizim üçün vacibdir. Bu fakt oyunçulara yalnız azarkeş baxımından pis təsir etmir. Biz nominal ev sahibi olsaq da, hər dəfə səfərdə oynayırıq. Bu da çətindir. Əminəm ki, doğma meydanda oynasaydıq, daha yaxşı nəticələr əldə edərdik. Çox ümid edirəm ki, qısa zamanda bizim stadionumuzla bağlı problemlər həllini tapar. İnanıram ki, tezliklə rəqibləri Gəncədə qəbul edə biləcəyik. Bu, bizim üçün çox önəmlidir. Uzun illərdən sonra komanda Premyer Liqaya qayıdıb və ev oyunlarını doğma azarkeşlər qarşısında keçirə bilmir. Bu, həqiqətən çətindir. Ən yaxşısına ümid edirəm".
Emin Şəmsiyev